Professor Nəsiman Yaqublu: “Hələ bizim tapmadığımız, araşdırmadığımız mənbələr var. Həmin mənbələr bir sıra ölkələrdədir”

 

6 mart görkəmli ictimai-siyasi xadim, ilk Cümhuriyyətimizin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) xatirə günüdür. Rəsulzadə siyasi lider olmaqla yanaşı, Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı və ictimai fikri ilə bağlı diqqətəlayiq əsərlər qələmə alıb. Prezident İlham Əliyev görkəmli şəxsiyyətin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Rəsulzadənin çoxtərəfli fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Müsahibimiz Cümhuriyyət dövrünün tanınmış tədqiqatçısı, Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri tarix elmləri doktoru, professor Nəsiman Yaqubludur.

 

– Nəsiman müəllim, Cümhuriyyət dövrü və Məhəmməd Əmin Rəsulzadə ilə bağlı elmi-tədqiqat işlərinə nə vaxtdan başladınız?

– 1988-ci ildən bu mövzularda araşdırmalara başlamışam. Mən o dövrdə Rusiyanın Sankt-Peterburq şəhərində ali təhsil almışdım. Həmin dövrdə Rusiyada arxivlər açılır, yeni sənədlər ortalığa qoyulurdu. Universiteti bitirib Vətənə qayıtdıqda gördüm ki, bizdə bu proses çox zəif gedir. Bundan sonra Cümhuriyyət dövrü və istiqlal şairimiz Əhməd Cavad haqqında araşdırmalara başladım. Onun övladları, nəvələri ilə görüşdüm. Həmin vaxt Ə.Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə; 1902–1993) həyatda idi. Onunla görüşmək üçün Şəmkir rayonuna yollandım. Şükriyyə xanımın xatirələrini qələmə aldım.

1989-cu ildə professor Murtuz Sadıxlı məni Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə ilə tanış elədi. Rais müəllim mənə dedi ki, atam Azər Rəsulzadə sağdır, Qazaxıstanın Karaqanda şəhərində yaşayır. Azər müəllimlə görüşmək üçün ünvanı dəqiqləşdirib Qazaxıstana getdim. Onunla danışdım, xeyli arxiv materialları topladım. Bundan sonra araşdırma üçün Türkiyəyə üz tutdum. Türkiyədə Rəsulzadənin ən yaxın silahdaşlarından olan Məhəmməd Kəngərli, Cəmil Ünal, Əhməd Qaraca, Məhəmməd Azər Aran və digərləri ilə görüşdüm. Onlardan da çoxlu sayda sənəd və materiallar aldım.

1991-ci ildə M.Ə.Rəsulzadənin səsinin lent yazısını ilk dəfə olaraq Bakıya gətirdim. O vaxt Azərbaycan Televiziyasında “Dalğa” verilişi vardı. Çox böyük çətinliklə həmin verilişdə iki-üç dəqiqə Rəsulzadənin səsini ilk dəfə olaraq Azərbaycan xalqına çatdırdıq. 70 il qadağan edilən bir səs ilk dəfə 1991-ci il fevralın 2-də Azərbaycan ictimaiyyətinə təqdim olundu. Bundan bir qədər sonra Rəsulzadə haqqında ilk kitabım çap edildi. Qeyd etmək istəyirəm ki, bu, Rəsulzadə irsini araşdıranlar arasında, tədqiqatlar içərisində birinci kitab sayılır. Təbii ki, onu yazmaq çox çətin idi.

 

– Əsas çətinlik nə ilə bağlı idi?

– Çünki Rəsulzadə haqqında ilk dəfə yazılan bir kitab asan başa gələ bilməzdi. Digər tərəfdən uzun müddət qadağan edilmiş bir mövzu idi. O vaxt sənədləri araşdırıb toplamaq üçün arxivlərə girməyə imkan vermirdilər. Amma əlimdə olan arxiv və digər sənədlərin əsasında ilk tarixi-publisist kitabı yazdım. 1991-ci ildə bu kitab 30 minə yaxın tirajla çap edildi. Hətta məndə olan məlumata görə, sonradan bu kitab bir neçə dəfə yüksək tirajla çap edilib, yayılıbmış. Bundan da belə nəticəyə gəlmək olar ki, Rəsulzadə haqqında ilk kitab ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.

“Məhəmməd Əmin Rəsulzadə” adlı bu kitab, əslində, 1991-ci ilin əvvəllərində çıxmalı idi. Amma o zaman sovet rejimi hələ mövcud idi. Təbii ki, kitabda müəyyən ixtisarlar oldu. Avqustda Moskvada dövlət çevrilişinə cəhd oldu. Yadımdadır, ondan sonra da kitabın nəşrini bir müddət dayandırdılar. Həmin ilin oktyabr-noyabr aylarında kitab çap edildi.

 

– Yəqin ki, bu kitab yeni araşdırmalarınız üçün böyük stimul olar...

– Əlbəttə. Bu istiqamətdə araşdırmalarımı davam etdirdim. Həm kitabxanalardan, arxivlərdən, həm də başda Rəsulzadə olmaqla Cümhuriyyəti quranların ailələrindən materiallar topladım. Məsələn, Rəsulzadənin güllələnmiş oğlu Rəsul Rəsulzadənin fotosunu onun bir qohumundan tapdım. Rəsulzadənin xaricdəki pasportunu Məhəmməd Kəngərlidən aldım. Şəxsi arxivimdə 100-ə yaxın orijinal sənəd var. Bunları gələcəkdə Milli Arxiv İdarəsindəki şəxsi fonduma təqdim edəcəyəm.

 

– İlk olaraq Rəsulzadənin irsinin hansı istiqamətini ictimaiyyətə təqdim etdiniz?

– İlk dəfə 1997-ci ildə onun “Azərbaycan davası” adlı mühacirətdə yazdığı məqalələrdən ibarət kitabı nəşr etdirdim. Hazırda Rəsulzadənin 10 cildlik külliyyatının nəşri işini davam etdirirəm. Toplunun I cildi 2016-cı ildə, II cildi isə 2021-də çap olunub. Üçüncü cild üzərində iş gedir. Düşünürəm ki, Rəsulzadənin Fransa, Polşa, Almaniyada dərc edilmiş yazılarının hərəsi bir cild olacaq. Eyni zamanda məndə Rəsulzadənin 100-dən çox məktubu var. Bunları da bir cild altında nəşr etməyi planlaşdırıram. Rəsulzadənin həm rus, həm də fars dilindən çox gözəl tərcümələri var. Onları da ayrıca cilddə çap etdirəcəyəm.

 

– Bu yaxınlarda sizin “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” kitabınız çapdan çıxdı. Kitabda əvvəllər ictimaiyyətə məlum olmayan hansısa faktlar yer alırmı?

– Kitabda Rəsulzadənin mətbuat haqqında 50-dən artıq yazısı oxuculara təqdim edilib. Kitabda eyni zamanda onun şəxsi məktublaşmalarındakı və arxiv sənədlərindəki mətbuat problemlərinə münasibətinə də toxunmuşam. Bu mövzu ilk dəfə araşdırılır. Rəsulzadənin ilk məqaləsi 1903-cü ildə çap edilib. Ancaq mətbuat haqqında fikirləri, yazıları 1906-cı ildən “İrşad” qəzetindən başlayır. Rəsulzadənin “İrşad”, “Tərəqqi”, “İrani-nov”, (“Yeni İran”) “Açıq söz”, “Azərbaycan” qəzetlərində yazıları dərc olunub. Onun mühacirətdə “Yeni Qafqaziya”, “Azər Türk”, “Odlu Yurd” jurnallarında da yazıları var ki, bunları ilk dəfə mən araşdırıb təqdim etmişəm.

 

– Rəsulzadə ilə bağlı bu günədək aparılan tədqiqatları yetərli hesab edirsinizmi?

– Rəsulzadə ilə bağlı hələ də əhatəli araşdırmalara ciddi ehtiyac var. Onun mühacirətdə yazdığı əsərləri toplanıb çap edilməlidir ki, bu işlə məşğul oluram. İndi nə qədər gücüm çatacaq, onu bilmirəm. Bundan başqa, Türkiyənin bir sıra arxivlərində məxfi sənədlər var ki, onlar da açılmalıdır. Bir sıra Avropa ölkələri ilə yazışmaları var, onlar da araşdırılmalıdır. Görək, onların mühacirlərə münasibəti necədir? Eyni zamanda mühacirlərin izlənilməsi ilə bağlı keçmiş SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsində saxlanılan bir sıra sənədlər var. Bu sənədlər vasitəsilə Rəsulzadənin də nə dərəcədə izlənildiyi aydınlaşdırılmalıdır. Rəsulzadə böyük təzyiqlərə məruz qalıb, amma öz yolundan dönməyib, mübarizəsini axıra qədər davam etdirib.

 

– Bildiyim qədər, Üzeyir Hacıbəylinin redaktoru olduğu “Həqiqət” qəzetində Rəsulzadənin iki yeni məqaləsini də aşkarlamısınız...

– Rəsulzadənin biblioqrafiyasını hazırlamışam. Həmin biblioqrafiyada onun 1178 məqaləsinin adını vermişəm. Bu yaxınlarda öyrəndim ki, Ü.Hacıbəylinin 1910-cu illərdə nəşr etdiyi “Həqiqət” qəzetində Rəsulzadənin iki məqaləsi var. Amma bu da son deyil. Ola bilsin ki, digər qəzetlərdə yenə məqalələrini tapmaq mümkündür. İndiki halda Rəsulzadənin 1180 məqaləsi məlumdur. Onun sağlığında 27 kitabı nəşr edilib. Bunlardan 6-sı Azərbaycanda, 11-i Türkiyədə, qalanları isə digər ölkələrdə çap olunub. Rəsulzadənin bu günə qədər məlum olan 15 tərcümə əsəri var. Yəni o, çox zəngin bir irs qoyub gedib. Amma bu, son deyil. Çünki hələ bizim tapmadığımız, araşdırmadığımız mənbələr var. Həmin mənbələr bir sıra ölkələrdədir. Ora getmək, araşdırmaq böyük maliyyə tələb edir. Bu işlər reallaşarsa, Rəsulzadənin yeni əsərlərini tapmaq, ortalığa çıxarmaq mümkün olacaq. Bir məqam isə səs və təsvir lent yazıları ilə bağlıdır. Qeyd etdiyim kimi, onun 1953-cü ildə “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciətini taparaq xalqımıza çatdırmışam. Amma onun bir neçə əlavə lent yazısı da var. Onları əldə etmək üçün xarici ölkələrdə axtarışlar aparmaq lazımdır. Mən tam əminəm ki, Rəsulzadənin qatıldığı bir neçə tədbirdən çəkilmiş görüntüləri Polşa, Fransa və Türkiyədən tapmaq mümkündür. Biz onları əldə edə bilsək, Rəsulzadənin 140 illiyinə də böyük bir töhfə vermiş olacağıq.

 

– Dövlət başçısının Rəsulzadənin 140 illiyi ilə bağlı sərəncamını necə qarşıladınız?

– Sərəncam imkan verir ki, Rəsulzadə ilə bağlı çoxlu tədbirlər keçirək. Sərəncamın icrasını bir az da faydalı etmək üçün böyük şəxsiyyətin mühacirətdəki əsərlərinin nəşrinə kömək etmək, onunla bağlı araşdırılmayan sənədləri tapıb Azərbaycana gətirmək lazımdır. Bundan başqa, Rəsulzadənin heykəlinin qoyulması məsələsini gündəmə gətirmək, ən azından doğulduğu Novxanı kəndində xatirə muzeyini yaratmaq olar.

 

– Son olaraq rəhbəri olduğunuz Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin fəaliyyəti haqqında məlumat verərdiniz...

– Bu mərkəz təxminən 30 il öncə yaradılıb. Mərkəzin əsas vəzifəsi Rəsulzadənin əsərlərini toplamaq, araşdırmaq və nəşr etməkdən ibarətdir. Bundan başqa, mərkəz olaraq qarşımızda duran əsas vəzifələrdən biri də gənc nəsli elmi araşdırmalara cəlb etməkdir.

Nurəddin Məmmədli