Səhranın ulduz təpələri – hündürlüyü təxminən 300 metrə qədər olan qeyri-müəyyən piramida formalı bu qum birləşmələri Yer kürəsinin möcüzələrindən sayılır. Yuxarıdan baxdıqda onlara ulduz görünüşü verən mərkəzi zirvədən uzanan qolları bu təpələri daha ecazkar edir.
Elm adamları bu geoloji xüsusiyyətlərin daxili strukturunu üzə çıxaran və onlardan birinin əmələ gəlməsinin nə qədər vaxt apardığını göstərən ilk dərin tədqiqatın nəticələrini təqdim ediblər.
Tədqiqat Mərakeşin şərqində, yerli bərbər dilində “ən yüksək müqəddəs nöqtə” mənasını verən “Lala Lallia” adlı ulduz təpəsində aparılıb. Sahara səhrasında Erg Çebbi adlı kiçik qum dənizində, şəhərdən təxminən 5 kilometr aralıda yerləşən bu məkan Əlcəzairlə sərhədə yaxındır.
“Lala Lallia” ətrafdakı təpələrdən təqribən 100 metr hündürdür və eni təxminən 700 metrdir. Təpənin tərkibində 5 milyon metrik tona yaxın qum var.
Tədqiqatçılar qum dənələrinin içərisinə nəzər salmaq üçün yerə nüfuz edən radardan və “Lala Lallia”nın əmələ gəlməsinin nə qədər vaxt apardığını müəyyən etmək məqsədilə luminesansdan istifadə ediblər. Ulduz təpəsinin yaşının təxminən 900 il olduğu məlum olub və külək səhrada qumu şiddətlə sovurduğu üçün burada ildə təxminən 6400 metrik ton qum yığılıb.
Dünyanın ən böyük ulduz təpələri Çinin qərbindəki Badın-Jaran səhrasında yerləşir. Ulduz təpələrinə Namibiyadakı Namib qum dənizində, Əlcəzairdə və Səudiyyə Ərəbistanındakı səhralarda da rast gəlinir. Şimali Amerikadakı Kolorado Milli Parkında silsilə ulduz qum təpələri var.