Bakıda beynəlxalq elmi konfrans keçiriləcək

 

8-9 mart tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə (15 mart) həsr olunub. Martın 5-də bununla bağlı mətbuat konfransı təşkil edilib.

BMTM idarə heyətinin sədri Fərid Şəfiyev bildirib ki, konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Bakıda ikinci dəfə təşkil olunacaq bu tədbir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

Qeyd olunub ki, uzun illərdir Azərbaycan islamofobiyanın fəsadları ilə üzləşib, hazırda Qərb mediası və siyasətçiləri tərəfindən ölkəmizə qarşı aşkar qərəzli kampaniya həyata keçirilir və konfransın bir hədəfi də bu mənfi tendensiyalara təkan verən siyasi, iqtisadi, mədəni, diskriminativ faktorların müəyyən edilməsi və onlara qarşı ortaq strategiyanın formalaşdırılmasıdır. Azərbaycanın artıq beynəlxalq münasibətlərdə orta güc kimi çıxış etdiyini deyən Fərid Şəfiyev qeyd edib ki, bu il ölkəmiz COP29 və digər qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək.

Konfransın əhəmiyyətini qeyd edən BBMM-in icraçı direktoru Rəvan Həsənov isə bəzi qüvvələrin İslam adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan isə hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini davam etdirir. İslamofobiya ilə bağlı ikinci konfrans zamanı mövzu ətrafında ciddi müzakirələrin, açıq dialoqların aparılması, araşdırma materiallarının təqdimatları üçün platforma təmin ediləcək.

Dövlətimizin dini inanclara çox həssaslıqla yanaşdığını, qlobal problemlərə münasibətinin ədalət çərçivəsində olduğunu vurğulayan Rəvan Həsənov konfransın təşkilində məqsədin Qərb ölkələrinin islamofobiya ilə bağlı çirkin niyyətlərini ifşa etmək olduğunu deyib.

Qeyd edək ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü barədə ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlığı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında qərar verilib. BMT Baş Assambleyası isə 2022-ci ildə 15 martı İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib.