“Uşağın necə qidalanması nə qədər əhəmiyyətlidirsə, onun nə oxuması da o dərəcədə önəm daşıyır”
   
   Müstəqillik illərində respublikamızda uğurlu inkişaf yolu keçmiş sahələrdən biri də nəşriyyat və kitab işidir. Bu kontekstdə uşaq ədəbiyyatının nəşri ilə məşğul olan nəşriyyat evləri və redaksiyaların fəaliyyəti xüsusilə önəm kəsb edir. Çünki yetişən nəslin mənəvi aləmi və dünyagörüşünün formalaşmasında uşaq kitabları və nəşrlərinin müstəsna yeri var. Beynəlxalq kitab sərgi-yarmarkası ərəfəsində bu sahədə vəziyyəti öyrənmək üçün bir neçə nəşriyyat və redaksiya ilə əlaqə saxladıq.
   
   “Xəzər” və “Bərəkət” nəşriyyatları birgə müqavilə əsasında uşaq ədəbiyyatının nəşri ilə məşğuldurlar. Son dövrdə çap olunan ədəbiyyatlar siyahısına “Məktəbdə davranış qaydaları”, “Ailə və cəmiyyətdə davranış qaydaları”, ”Soyuq su” və s. nəşrlər yer alıb. Əsas mövzular uşaqlara ədəb və nəzakət qaydalarının, düzgünlüyün, xeyir əməllərin təbliği ilə bağlıdır. “Hörümçək tuneli”, “Ulu ağacın tilsimi”, “Nə, necə, nə üçün” adlı kitablar əlvan şəkillərlə, nəfis tərtibatda azyaşlı oxuculara təqdim olunur.
   Nəşriyyatın əməkdaşı Firdovsi Səfərli yeni nəşrlərdə tərcümə ilə bağlı bəzi problemlərin olduğunu qeyd etdi. Onun sözlərinə görə, uşaq nəşrlərində milli ruhda yazılara, mövzulara daha çox ehtiyac duyulur.
   1995-ci ildən fəaliyyət göstərən “Tumurcuq” uşaq qəzeti balaca oxucuları mütəmadi olaraq yeni nəşrlərlə sevindirir. Sinifdənxaric oxu kitablarının üstünlük təşkil etdiyi nəşrlərdə tarix, vətənpərvərlik mövzusunda yazılar, nağıl və hekayələrlə yanaşı, Şərq ədəbiyyatına, klassiklərimizin yaradıcılığına da müraciət olunur. “Tumurcuq” nəşrlərindən “Bu yurdu kim sevməz ki...”, “Alnımın yazısı Vətən”, “Sağsağan yumurtası” və s. kitablar uşaqlar tərəfindən maraqla oxunur. Qəzetin məsləhətçisi Əli Çərkəzoğlu söhbət əsnasında bildirdi ki, bu gün uşaqlar üçün dəyərli materiallara ehtiyac var: “Uşaqların nə oxuması çox mühüm və böyük mövzudur. Yeni düşüncə mövzuları olmalıdır. Uşağın necə qidalanması nə qədər əhəmiyyətlidirsə, onun nə oxuması da o dərəcədə önəm daşıyır”.
   “Təhsil” nəşriyyatında son illər 40-dan çox uşaq kitabı çap olunub. Burada bir neçə kitabı işıq üzü görən yazıçı Sevinc Nuruqızı qeyd edir ki, uşaq ədəbiyyatı hər zaman gələcəyə ünvanlanıb. Uşaq nəşrlərinə ehtiyac duyulan bir dövrdə özündə bədii, öyrədici, intellektual əsasları birləşdirən nəşrlərə başladıq. 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmişdi. Həmin il dörd dəst kitabım işıq üzü gördü. “Qəribə kəndin nağılı”, “Paltar dolabında gizlənqaç”, “Bozqulaq və fəsillər”, “Muradın yuxusu”. “Tap-tapmaca”, “Bapbalaca əlifba”, “Aysu və Ay”, “Xortumlu dağ” və digər kitablar da “Təhsil” nəşriyyatında işıq üzü görüb.
   «Beşik» nəşriyyatının direktoru Nərgiz Cabbarlı: «Uşaqların kitaba, mütaliəyə marağı var. Biz bu marağı keçirilən sərgilərdə görmüşük. Uşaq kitablarının nəşrindən danışarkən böyük bir qrupu - rəssam, yazıçı, tərtibatçı və digərlərinin birgə əməyini nəzərə almalıyıq. Bu kitablarla uşaqların zövqü formalaşır. Uşaq ilk baxışdan xoşuna gəlməyən kitabı oxumayacaq. Buna görə də bu sahədə peşəkarlar işləməlidir. Son illər naşirlərin uşaq ədəbiyyatına marağı artıb. Bu məsələdə «Beşik» nəşriyyatının da rolu az olmayıb. Çünki, biz il yarım ərzində 150-dən artıq uşaq kitabı nəşr etdirib, balaca oxuculara çatdırmışıq. Bizim «Mən və mənim dünyam» adlı layihəmiz 600-dən çox kitabın nəşrini nəzərdə tuturdu. Lakin müəyyən problemlərə görə, layihəni dayandırası olduq və layihə çərçivəsində 150 kitab çap etdirə bildik. Lakin işlər davam edir və 100-ə yaxın çapını gözləyən kitab var”.
   Uşaq yazıçısı, «Kiçik dünya» uşaqların maarifləndirməsinə kömək İctimai Birliyinin sədri və «Sehrli dünya» uşaq jurnalının baş redaktoru Gulzar İbrahimova: «Uşaqlar hər dövrdə bir yenilik axtarırlar. İndi onlara daha dərin, düşündürücü, öyrədici kitabı təqdim etmək lazımdır. Çünki uşaqlar dövrün tələbatı ilə əlaqədar olaraq televiziya, internet vasitəsilə çox şey öyrənirlər. Ona görə də, bizim əsas istəyimiz oxucuların tələbatını ödəmək və onların arzuladığı kimi yazmaqdır. Buna çalışsaq, böyük işlər görmüş olarıq. Biz daha çox çalışıb, uşaqlara öz nağıllarımızı təqdim etməliyik. Xarici nağılların tərcüməsindənsə, öz nağıllarımızı təqdim etsək, onlar daha çox öyrənə bilərlər».
   
   Lalə Azəri,
   Gülər Abdullayeva