Bir neçə ildir Dövlət Film Fondunda görkəmli kino xadimlərinin şəxsi arxiv fondu yaradılır. Məqsəd kino salnaməmizin sanballı səhifələrini qoruyub saxlanılmasıdır. İndiyədək fonda Leyla Bədirbəyli, Həsən Seyidbəyli, Şahmar Ələkbərov, Gündüz Abbasov, Lətif Səfərov, Məlik Dadaşov və başqa kino xadimlərinin arxiv sənədləri daxil olub.
Bu günlərdə Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadənin (1919–1998) şəxsi arxiv materialları da bu zənginliyə qatılıb. Rejissorun 105 illiyi münasibətilə yaradılan şəxsi arxiv fondu barədə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyevdən məlumat aldıq.
“Neçə müddət idi Tofiq Tağızadənin də şəxsi arxivini yaratmaq haqqında düşünürdük. Bu illər ərzində müəyyən materiallar toplamışdıq. Onların bəziləri kinematoqrafçılar, bəziləri sənət dostları, bir qismi də mənim şəxsi arxivimdən idi. Sonra əməkdaşımız Babək Abbaszadə Tofiq müəllimin kürəkəni Əməkdar artist Firdovsi Atakişiyevlə əlaqə saxlayıb sənətkarın ailəsində qorunan sənədləri fond üçün istədi. Firdovsi müəllim materialları məmnunluqla bizə təhvil verdi. Düzdür, arxiv o qədər də geniş deyil. Əldə nə olubsa, onu da təqdim edib. Bura fəxri fərman və fotolar daxildir”, – deyə Cəmil Quliyev bildirdi.
Direktorun sözlərinə görə, sənədlərin içərisində ən qiymətli olanlar Ulu öndər Heydər Əliyevin və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin rejissora təbrik məktublarıdır.
Digər kino xadimlərimizin “Azərbaycanfim” kinostudiyasında saxlanılan əlyazma və rejissor ssenariləri barədə danışan C.Quliyev deyir ki, həmin sənədlər vaxtilə Milli Arxiv İdarəsinə təhvil verilib: “Vaxtilə kinostudiyanın rəhbərliyi nəyi rəva bilibsə, onu da Dövlət Film Fonduna təhvil verib. Hazırda bizə daxil olan şəxsi arxiv fondları ayrı-ayrı şəxslərdən əldə olunub. Fondda yalnız sənədlər saxlanılır, burada filmlərin geyim rekvizitləri və s. əşyaların saxlanılmasına texniki şərait yoxdur və bina bunun üçün nəzərdə tutulmayıb”.
Qeyd edək ki, kinorejissor T.Tağızadə 1955-ci ildə özünün ilk filmini – “Görüş” kinokomediyasını çəkib. 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan r “Uzaq sahillərdə” filminə quruluş verir. Film Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında diploma layiq görülür. Bundan sonra T.Tağızadə “Əsl dost” (1959), “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” (1970), “Dədə Qorqud” (1975), “Babamızın babasının babası” (1981), “Bağ mövsümü” (1985), “O dünyadan salam” (1992) və s. filmlərə quruluş verib.
Lalə Azəri