Milli Kitabxananın dövri mətbuat arxivindən (9)

 

Mətbuat xronikasından budəfəki seçmələrdə iki qəzetə – 43 il öncəki “Kommunist” qəzetinə və 30 il əvvəlki “Mədəniyyət” qəzetinə nəzər saldıq. Tədbirlər, yubileylər, xatirə axşamları... Bunlar hər zaman olub. Bir də mədəniyyətin problemləri. O vaxtlar da vardı, indi də az deyil... Məsələyə ziyalı baxışına o vaxt da ehtiyac vardı, indi də var...

Seçmələrdə qəzetlərin orfoqrafiyası saxlanılıb...

***

 

Yazıçının yubileyi

 

Görkəmli Azərbaycan ədəbiyyatçısı İbrahimbəy Musabəyovun anadan olmasının 100 illiyi münasibətilə Aktyor evində yubiley yığıncağı keçirilmişdir. Respublika Yazıçılar İttifaqı idarə heyətinin katibi Hüseyn Abbaszadə yığıncağı açmış, Azərbaycan mədəniyyətinin, o cümlədən kinematoqrafiyamızın inkişafında İ.Musabəyovun xidmətlərindən danışmışdır. Respublikada kinematoqrafın yaranması tarixi onun eyniadlı əsəri əsasında 1916-cı ildə çəkilmiş “Neft və milyonlar səltənətində” bədii filmi ilə bağlıdır.

Filologiya elmləri doktoru Bəkir Nəbiyev İ.Musabəyovun həyatı və yaradıcılıq fəaliyyəti haqqında məruzə etmişdir.

Yığıncaqda ədəbiyyatçılar və yubilyarın yaradıcılığının tədqiqatçıları, habelə onun qızı – respublikanın əməkdar müəllimi Zemfira Məmmədova-Musabəyova çıxış etmişlər.

Axırda yığıncağın iştirakçılarına İ.Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yenidən ekranlaşdırılmış film göstərilmişdir.

“Kommunist” qəzeti,  6 mart 1981-ci il

***

 

Mədəniyyətimizin inkişaf yollarını nədə görürsünüz?

 

Məmməd Araz:

– Birinci növbədə fədakarlıqda... Yəni biz hərəmiz ayrılıqda, yəni biz hamımız birlikdə bir az tamahımızdan kəsməsək, bir az sağlamlığımızdan kəsməsək, bir az bacarığımızdan kəsməsək, bir az yuxumuzdan kəsməsək və bütün bunların hamısını müəyyən müddət mədəniyyətimizin dirilməsinə həsr etməsək, çətin olacaq. Çətin olacaq xalqımıza, dərd-sərimizi, ümidimizi bir adamın boynuna yıxsaq. Hamımız bilirik, lakin çoxumuz bilmək istəmirik ki, biz kiçik vətən müharibəsi deyil, Böyük Vətən müharibəsi aparırıq. Əslində bu düşmən başqa düşməndən daha kəmfürsətdir. Gücü çatanda daha qəddardır, gücü çatmayanda min sifətə girəndir. Odur ki, biz hər şeydə fədakar, hər yerdə qənaətcil və israfçılıqdan uzaq olmalıyıq. Biz bir şeyi bilməliyik ki, bu düşmən, gücü çatsa Leninqraddan betər mühasirədə saxlayar bizi. Özü də 800 gün, 9 min gün! Bəlkə də bütün ömrü boyu saxlayar. İndi oturub həmin parlaq günü gözləməməliyik ki, – o gün öz-özünə gələcək,  düymə basılacaq və hər şey öz yerində bərqərar olacaq. Belə gün heç vaxt olmayacaq. Bu gündən, sabahdan, indidən hərəmiz bir işin qulpundan yapışıb, bayram yır-yığışına başlayan kimi işə başlamalı, çox işi ictimai əsaslarla, öz hesabımıza, fədakarlığımız hesabına görməliyik.

 

Xatirə gecəsi

 

A.M.Şərifzadə adına Aktyor evində tanınmış səhnə ustası, xalq artisti Mustafa Mərdanovun anadan olmasının 100 illiyi münasibəti ilə xatirə gecəsi keçirilib. Gecədə respublikanın xalq artistləri Leyla Bədirbəyli, Lütfi Məmmədbəyli, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov, əməkdar mədəniyyət işçisi Cahangir Aslanoğlu, qocaman rejissor Məcid Zeynalov çıxış edərək, M.Mərdanovla bağlı xatirələrini söyləmişlər. Sonra mərhum sənətkarın çəkildiyi “O olmasın, bu olsun” filmi nümayiş etdirilmişdir.

“Mədəniyyət” qəzeti, 5 mart 1994-cü il