Olaylar, faktlar (10 – 12 mart)

 

289 il əvvəl...

 

10 mart 1735-ci ildə Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Dərbənd, Bakı, Salyan) tərk ediblər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürüb.

 

230 il əvvəl...

 

12 mart 1794-cü ildə Polşada Tadeuş Kostyuşkonun başçılığı altında Rusiya və Prussiya (alman) müstəmləkəçiliyinə qarşı üsyan başlayıb. Aleksandr Suvorovun komandanlıq etdiyi rus qoşunları üsyanı yatırıb. Bundan sonra Polşa Rusiya və Prussiya arasında 3-cü dəfə (tamamilə) bölüşdürülüb.

 

151 il əvvəl...

 

10 mart 1873-cü ildə Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla da Azərbaycan peşəkar milli teatrının əsası qoyulub və bu tarix Milli Teatr Günü kimi qeyd olunur.

 

104 il əvvəl...

 

10 mart 1920-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Prezident İlham Əliyevin sərəncamı (7 aprel 2008-ci il) ilə 10 mart Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur.

 

102 il əvvəl...

 

12 mart 1922-ci ildə bolşevik Rusiyasının təşviqi ilə üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqı – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb.

 

76 il əvvəl...

 

10 mart 1948-ci ildə SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. İlk qərar 1947-ci il dekabrın 23-də verilmişdi. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idi. Azərbaycanın rəhbəri M.Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldılmışdı.

 

32 il əvvəl...

 

12 mart 1992-ci ildə Qazax rayonunun Aşağı Əskipara, Ağdərə rayonunun Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə keçən Ağdərə rayonu 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində tamamilə Azərbaycanın suverenliyi altına qayıtdı.

Hazırladı: V.Orxan