Unudulmaz aktyor Hamlet Xanızadə haqqında kitab təqdim olundu

 

Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın unudulmaz teatr və kino aktyoru, Əməkdar artist Hamlet Xanızadənin (1941–1990) xatirəsinə həsr olunmuş “Səni belə xatırladıq” kitabı çapdan çıxıb. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən il işıq üzü görüb.

Martın 7-də Beynəlxalq Muğam Mərkəzində (BMM) nəşrin təqdimatı keçirildi.

Əməkdar mədəniyyət işçisi Rahib Azərinin aparıcılığı ilə keçən təqdimatda ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra sənətkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Rahib Azəri Hamlet Xanızadənin həyat və sənət yolu barədə söhbət açdı. Tədbir boyu aktyorun sənət dostları və ailə üzvləri onunla bağlı xatirələrini və ürək sözlərini bölüşdülər.

Kitabın redaktoru, yazıçı Mustafa Çəmənli nəşrin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi.

Teatrşünas, professor Məryəm Əlizadə, Xalq artistləri Əbdül Mahmudov, Hacı İsmayılov, “ASAN Radio”nun direktoru Emin Musavi çıxış edərək aktyorun özünəməxsus sənətkarlığından danışdılar.

Vurğulandı ki, Hamlet Xanızadə yaradıcılığı  Azərbaycan teatr sənətinin parlaq səhifələrindən birini təşkil edir. O hər an dəyişən, yeniləşən aktyor idi. Qeyd olundu ki, aktyor haqqında düşünəndə ilkin olaraq tamaşaçının gözləri önündə Topal Teymur obrazı canlanır. Sənətkar Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Vilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” və s. əsərlər əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli obrazları böyük sənətkar məharəti ilə yaradıb.

Kino salnaməmizdə də iz qoyan aktyor “Yeddi oğul istərəm”, “Qətl günü” və s. filmlərdə yaratdığı parlaq obrazlarla yaddaşlara köçüb.

Sənətkarın bacısı Ofeliya Xanızadə qardaşı ilə bağlı xatirələrini bölüşdü, kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür etdi. Bildirdi ki, evini bu gün də qardaşının fotoları bəzəyir və həmin şəkillərlə danışır, dərdləşir. Atasının onlara Şekspirin məşhur qəhrəmanlılarının adını qoyduğunu deyən Ofeliya xanım əmisi uşaqlarına da Azərbaycan yazıçılarının məşhur qəhrəmanlarının adının verildiyini qeyd etdi.

Sonda Jalə Cəfərova çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdi: “Hamlet Xanızadə 1990-cı ilin 20 Yanvar hadisələrindən sarsılaraq dünyasını dəyişib. Bu gün zalda şəhid anaları iştirak edir. Onlar sənətkarın xatirəsinə ehtiram olaraq tədbirə qatılıblar”.

Müəllif bildirdi ki, kitabda aktyorun sənət dostlarının, doğmalarının, eləcə də sənətşünasların xatirələri yer alıb. Kitabda həmçinin aktyorun ömür yolunu, səhnə və kino fəaliyyətini əks etdirən foto və sənədlər toplanıb.

Tədbir boyu aktyorun oynadığı tamaşaların lent yazılarından və çəkildiyi filmlərdən fraqmentlər təqdim olundu. BMM-in solistlərinin və Əməkdar artist Teymur Əmrahın ifasında musiqi nömrələri səsləndi.

Lalə