Martın 6-da Azərbaycan Milli Xalça Muzeyində gənc rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi açılıb.
Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamları Aydın Rəcəbov və Arif Hüseynov çıxış edərək müəllifin yaradıcılığından danışıb, ona sənət yolunda uğurlar arzulayıblar.
Lalə Hüseynova sərgiyə gələn hər kəsə təşəkkür edib. Bu yolda ona dəstək olan müəllimi və atası Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun əməyini xüsusi vurğulayıb: “Atam mənə sənətin incəliklərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixi ilə bağlı əsas məqamları aşılayıb. Hər zaman vurğulayır ki, sənət çox zərifdir, çalışmasan, yaratmasan, o səni bağışlamayacaq. Mən də bunu qulaqlarımda sırğa eləmişəm...”.
Qeyd edək ki, sərgidə rəssamın 40-dan artıq əsəri nümayiş olunur. Onlar ənənəvi xalça sənətini müasir incəsənət növləri ilə birləşdirərək milli irsimizi keçmişdən gələcəyə daşıyan özünəməxsus nümunələrdir. Burada müəllifin şəxsi kolleksiyasından qrafik əsərləri, türkiyəli yazar Nihal Adsızın “Bozqurdların ölümü” kitabına çəkdiyi illüstrasiyaları, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından nadir xalçalar yer alır.
“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun, o cümlədən müəllifin sərhədsiz yaradıcılıq dünyasının, zəngin təxəyyülünün, duyğu və düşüncələrinin mücərrəd şəkildə təqdimatıdır. İnsanın ətraf mühitlə sıx qarşılıqlı əlaqəsini göstərən kompozisiyaların əsas ilham mənbəyi isə mədəni, tarixi cəhətdən dərin fəlsəfi məna daşıyan xalça motivləridir.
“Toxunuş” sərgisi martın 12-dək davam edəcək.
1995-ci ildə anadan olan Lalə Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsini fərqlənmə diplomu ilə baş vurub. Tələbəlik illərindən müxtəlif sərgilərdə iştirak edib, mükafatlara layiq görülüb. 2017-ci ildə Gənclər və İdman Nazirliyinin Gənclər mükafatı ilə təltif olunub. Hazırda Rəssamlıq Akademiyasında çalışır.
L.Azəri