Olaylar, faktlar (13 – 17 mart)

 

143 il əvvəl...

 

13 mart 1881-ci ildə Rusiya “Narodnaya volya” (“Xalqçılar”) inqilabçı-terror təşkilatının üzvləri Çar II Aleksandrı qətlə yetiriblər. 1855-ci ildə taxta çıxan II Aleksandra qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi. Halbuki o, mütərəqqi çar kimi tarixə düşmüş, taxta çıxandan sonra dekabristlərə amnistiya vermiş, təhkimçilik hüququnu ləğv etmiş (1861), dövlət idarəçiliyində islahatlar aparmışdı.

 

103 il əvvəl...

 

16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə bölgənin qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.

 

56 il əvvəl...

 

16 mart 1968-ci ildə ABŞ qoşunlarının Cənubi Vyetnamda apardığı müharibə zamanı Sonqmi kəndi əhalisi ilə birlikdə yandırılıb. Rəsmi statistikaya görə, kəndin 567 nəfər qoca, qadın və uşaq sakini qətlə yetirilmişdi.

 

32 il əvvəl...

 

13 mart 1992-ci ildə Türkiyənin Ərzincan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. 8 minə yaxın binanın tamamən və qismən dağıldığı təbii fəlakət nəticəsində 653 nəfər ölmüşdü.

 

29 il əvvəl...

 

15-17 mart 1995-ci ildə Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qiyamı baş verib. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov başçılıq edirdi. Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq üçün bir sıra addımlar atdı, amma nəticə hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq edilməsi ilə yatırıldı.

Hazırladı: V.Orxan