Dünyanın bir çox ölkələrində mövcud olan kitab klubları, prinsip etibarilə bir kommersiya təsisatı olsalar da, kitabın təbliğinə, kitab nəşrinin inkişafına, cəmiyyətdə ədəbiyyata, mütaliəyə marağın artmasına mühüm töhfə verirlər. Bakı Kitab Klubu 2003-cü ildə yaranıb. Klubun yaradıcısı və direktoru Elxan Rzayev o zaman mətbəədə çalışan, naşirliklə məşğul olan bir qrup ziyalı ilə Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) kitab marketinqinə dair seminarlarında iştirak edərkən belə bir klub yaratmaq fikrinə düşüb. Elxan müəllim deyir:
   
   - Bu klubu yaradanların hamısı kitabların əhatəsində böyümüş insanlardır. Biz də istəyirik ki, təkcə öz övladlarımız yox, böyüyən nəsil kitabdan uzaq düşməsin. İnformasiya mənbəyi nə qədər çox olsa da, əsas bilik mənbəyi elə kitabdır. Buna görə də əsas məqsədlərimizdən biri Azərbaycanda kitabın, mütaliənin təbliğinə töhfə verməkdir. Hesab edirik ki, mövcud kitablar barədə informasiyanı potensial oxucuya çatdırmaq lazımdır. Biz 2003-cü ildə bu işə başlayanda paradoksla rastlaşdıq. Oxucudan hansı kitabı oxuduğunu xəbər alanda sual verirdi ki, kitab var ki, oxuyum? Naşirdən soruşanda ki, bazar üçün kitab çap edirsən, cavab verirdi ki, məgər kitab bazarı, kitab oxuyan var ki? O illərdə nəşriyyatların 99 faizi yalnız sifarişlə işləyirdi: müəllif kitabını nəşriyyata gətirirdi, pulunu verirdi, çap etdirirdi, hazır məhsulu da yığıb aparırdı. Nə naşir öz məhsulunun taleyi ilə maraqlanırdı, nə oxucu onun məhsulundan xəbər tuturdu. 2004-cü ildə bizim kataloq çap olunmağa başlayanda çoxları bir kataloqda 500 kitabın adına rast gələndə təəccüblənirdi ki, yəni Azərbaycanda bu qədər kitab çap edilir? Biz naşir ilə oxucu arasında bir növ körpü yaradırıq.
   Elxan müəllim deyir ki, əvvəllər naşirlərdən, müəlliflərdən xahiş edirdik ki, kitabın bir nüsxəsini, onun haqqında qısa məlumatı bizə verin, təmənnasız «Azərbaycan nəşrləri» adlı kataloqumuza daxil edək. İndi isə nəşriyyatlar özləri təzə kitablarını həvəslə bizə təqdim edirlər. Amma şərtimiz dəyişməyib. Kitab Klubunun kataloquna, internet səhifəsinə düşmək pulsuzdur. Klubun kitabın təbliği məqsədilə göstərdiyi xidmət bununla bitmir. Öz kitabını geniş oxucu kütləsinə tanıtmaq istəyən hər müəllif burada təqdimat mərasimini keçirə bilər. Kitab Klubu kütləvi informasiya vasitələrini həmin mərasimə dəvət edir, beləcə, yeni əsər barədə informasiya yayılır.
   Artıq neçə ildir ki, Bakı Kitab Klubu kitabsevərlər, gününü mütaliəsiz keçirməyi təsəvvür etməyənlər üçün bir cəhəti ilə də doğmadır. Hər kəs kluba gəlib bəyəndiyi kitabı rəfdən götürə və klub bağlananadək (!) burada əyləşib onu oxuya bilər. Klubun təkcə Bakıda yox, xarici ölkələrdə də oxucuları var. Azərbaycan diasporu da onun xidmətlərindən istifadə edir. Məsələn, ABŞ-da yaşayan bir qrup soydaşımız azərbaycançılıq ideyasını yaymaq üçün Bakıdan kitabları sifariş edir, oradakı universitet kitabxanalarına bağışlayırlar.
   Səkkiz il ərzində ölkədə kitab nəşri və satışını, oxucu meyllərini izləyib sorğular keçirən, bu vəziyyəti öyrənən Kitab Klubunun araşdırmaları göstərir ki, Azərbaycanda kitab mədəniyyəti inkişaf edir. Oxucuların sayı, çap olunan kitabların çeşidi və tirajı arzulanan qədər olmasa da, bu meyl artımına doğru gedir.
   Bəs bütün bu işlərin fonunda Kitab Klubunun vəziyyəti necədir? Bu qurumu yaşatmaq, onun fəaliyyətini davam etdirmək yenə də çətindir.
   Elxan Rzayev:
   - İlk baxışda elə görünə bilər ki, Kitab Klubunda vəziyyət çox yaxşıdır, burada heç bir problem yoxdur. Bu gün klubu saxlamaq, onun maliyyə problemlərinin həlli, vəsait axtarışı ilə bağlı çətinliklər, ilk illərdəki qədər kəskin olmasa da, hər halda var. Bunun bir səbəbi də odur ki, hələlik bizdə kitabın reklamına inam tam formalaşmayıb.
   Bütün çətinliklərə baxmayaraq, Kitab Klubu öz fəaliyyətini genişləndirir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap edilən 150 cildlik «Dünya Ədəbiyyatı Kitabxanası» seriyasına abunə yazılışı Kitab Klubuna həvalə edilib. Bu seriyadan çap olunan 52 kitab artıq abunəçilərə çatdırılıb. Yeri gəlmişkən, qeyd edək ki, abunəçilərin sayı yüzdən çoxdur və artmaqda da davam edir. Belə uğurlu iş Kitab Klubunu “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası” layihəsini həyata keçirmək niyyətinə salıb.
   Elxan müəllim deyir ki, bu nəşr müasir uşaqların zövqünü və dünyagörüşünü mütləq nəzərə almalıdır: “Bu kitabxana savadlı tərbiyəçi kimi 5 yaşından 17-dək uşaqların əlindən yapışıb onlara bilik aşılamalı, dünyagörüşünü zənginləşdirməlidir. Aparılan sorğuların nəticəsi göstərir ki, təxminən 50 cildlik kitabxanaya ehtiyac var. Sağlıq olsun!”.
   Bu vaxtadək bir neçə beynəlxalq sərgidə iştirak etmiş Kitab Klubu II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında kitabsevərlərə elektron səyyar kitabxananı təqdim edəcək: “E-book Reader (i-buk qider) portativ qurğusu - Mobilib (səyyar kitabxana) uzaq yola çıxan, istirahətdə, ezamiyyətdə olarkən də mütaliəsiz qalmaq istəməyənlər üçündür. Bizim kitabdan tamamən uzaq düşdüyümüzü zənn edənlərə təəccüblü görünsə də, 2 min kitabı yükləməyə imkan verən Mobilib artıq paytaxtımızda öz istifadəçilərini tapmaqdadır”.
   Kitabsevərlərin doğma ünvanına çevrilmiş Kitab Klubundan hələlik ayrılırıq. Amma Kitab Klubunun kataloqu əlimizdədir. Deməli, tezliklə buraya baş çəkəcəyik.
   
   Gülcahan Mirməmməd