Azərbaycan əcnəbi turistlərin gözü ilə
“Təəssüf ki, hotellər turistlər üçün şəhər turu təşkil etmirlər. Bələdçi kitabçası ilə şəhəri gəzmək isə bəzən çətin olur”
“Azərbaycan əcnəbi turistlərin gözü ilə” rubrikasının budəfəki qonaqları ölkəmizə uzaq Kanadadan təşrif buyurublar. İlk dəfədir ki, şəhərimizdə olan kanadalı ər-arvadı Bakıya gətirən səbəb ömürlərinin ahıl yaşında dünyanın bu üzünü də görmək, Cənubi Qafqaz ölkələrini gəzməkdir. Ölkəmizdə olmaqdan məmnun görünən qonaqlar təəssüratlarını bizimlə bölüşdülər. Öncə ailə başçısı özü və xanımı haqqında məlumat verdi:
- Mənim adım Brus Bredi, həyat yoldaşımın adı isə Lete Santos Bredidir. Mən Kanada vətəndaşıyam, həyat yoldaşım isə həm Kanada, həm də Braziliya vətəndaşıdır. İki övladımız var, ancaq artıq onların öz işləri, öz həyatları olduğundan biz də özümüzə vaxt ayırmağa, gəzmədiyimiz, görmədiyimiz yerlərə baş çəkməyə çalışırıq. Mənim özüm əvvəllər neft sektorunda çalışmışam, bu səbəbdən ölkəniz barəsində qiyabi də olsa məlumatlı idim. Nəhayət, ölkənizi, paytaxt Bakını əyani görmək imkanımız oldu.
- Bu səfərlə bağlı ideya necə yarandı?
- Öncə onu deyim ki, bu tamamilə turist səfəridir. Mən istəyirdim ki, həyat yoldaşımla bərabər Cənubi Qafqaz ölkələrini görüm. Necə deyərlər, sabaha ümid yoxdur, nə olar, nə olmaz. Yəqin başa düşürsünüz də məni (gülür). Bizim səyahətimizi Ukrayna turizm şirkəti təşkil edib. Onlar Cənubi Qafqaza səyahətə Azərbaycandan, Bakıdan başlamağı məsləhət gördülər. Etiraf edim ki, həqiqətən də Bakı, Azərbaycan gəzməyə, görməyə dəyər məkandır. Bütün kanadalı turistlərə də məsləhət görərdim ki, bu regiona səfər edərkən öz marşrutlarına mütləq Bakını daxil etsinlər.
- Bir qədər səyahət planınız barədə məlumat verərdiniz...
- Bütövlükdə istirahət üçün 20 gün vaxtımız var. Bu müddət ərzində üç Cənubi Qafqaz ölkəsində olmalıyıq. Çalışırıq ki, vaxtımızı səmərəli istifadə edək. Səyahətimizə Azərbaycandan başladıq, daha sonra Gürcüstana, oradan da Ermənistana gedəcəyik. Artıq iki gündür ki, Bakıdayıq, daha beş gün də burada qalmağı planlaşdırırıq. Bu müddət ərzində şəhərin bir çox gəzməli, görməli yerlərində - İçərişəhərdə, Qız qalasında olduq. Bakı bulvarını, Fəvvarələr meydanını gəzdik. Atəşgah məbədinə və Qobustan qoruğuna da getməyi planlaşdırırıq. Bizə verilən məlumata görə, Qobustan da çox maraqlıdır.
- Bölgələrə necə, baş çəkməyi planlaşdırırsınızmı?
- Bəli. Ümumiyyətlə, səfər planlaşdırmasına əsasən hər ölkənin paytaxtında və turistlər üçün ən məşhur olan bölgəsində olmalıyıq. Biz də burada Şəkiyə baş çəkə biləcəyik. Əlbəttə, istərdik ki, digər bölgələrinizi də görək, ancaq vaxtımız o qədər də çox deyil. Hər ölkə üçün vaxt ayırmalıyıq. Ancaq bizə bildirildiyi qədəri ilə, Şəki sizin ən gəzməli, görməli regionlarınızdan biridir. Bizə orada Şəki halvası və pitinin dadına baxmağı məsləhət gördülər. Ümid edirəm ki, xoşumuza gələcək.
- Bu müddət ərzində Bakı və ümumiyyətlə Azərbaycanla bağlı sizdə hansı qənaət formalaşdı?
- Paytaxtınız olduqca müasirdir, Avropa şəhərlərindən geri qalmır. Ancaq fərqlər də çoxdur. Mənim ən çox xoşuma gələn Bakının arxitekturasıdır. Buradakı arxitekturanı mən heç bir şəhərdə görməmişəm, möhtəşəmdir. Binaların üzlük daşlarla bəzədilməsi də mənə maraqlı gəldi. Bu da çox şəhərlərdə təsadüf edilməyən mənzərədir. Mən sizə desəm ki, ən çox çəkdiyim fotolar bina şəkilləridir, bəlkə də, mənə inanmazsınız, amma bu belədir. Şəhərinizdə həm müasirlik, həm də qədimlik var. Yeni modern üslubda tikilmiş binalar da cəlbedicidir. Bakı turistləri maraqlandıra biləcək bütün xüsusiyyətlərə malikdir. Mən keçmiş MDB ölkələrinin bir çoxunun paytaxt şəhərlərində olmuşam. Moskva və Astana ilə müqayisədə Bakı daha müasir və inkişaf etmiş şəhərdir.
- Xanım Lete, siz də eyni fikirləri bölüşürsünüzmü?
- Bəli, ən çox da arxitekturanın möhtəşəmliyi ilə bağlı fikirləri. Bilirsiniz, mən Braziliya vətəndaşıyam, uzun illərdir ki, Kanadada yaşayıram. Bir çox Avropa şəhərlərini də gəzmək imkanım olub, ancaq Bakıdakı arxitekturanın bənzərini heç bir yerdə görməmişəm. Köhnə daş binalar, onların dizaynı insanı valeh edir. Daha bir xoşuma gələn məqam isə şəhərinizin təmizliyidir. Sizə deyim ki, turist üçün şəhərin təmizliyi bir nömrəli məsələlərdəndir. İnsanlarınız da maraqlıdır. Geyimləri, davranışları olduqca müasirdir, avropasayağıdır. Bununla belə, hiss olunur ki, tanımadıqları insanlarla ünsiyyət qurmağa meylli deyillər. Ancaq öz aralarında sizinlə bağlı danışdıqlarını hiss edirsən. Müşahidə etdiyim bir faktı da deyim. Gördüyünüz kimi, mən qarayanızam, həyat yoldaşım isə ağbənizdir. Yanından ötdüyümüz insanlar, xüsusilə də qadınlar, hiss olunur ki, bizə baxıb öz aralarında nəsə müzakirə edirlər. Yoldaşım belə məsələlərə fikir verməsə də, mənə onların danışdıqları maraqlı gəlir. Məncə, öz aralarında danışmaqdansa, yaxınlaşıb bizimlə ünsiyyət qura, fikirlərini bölüşə bilərlər.
- Milli mətbəximizdən dada bildinizmi?
- Qaldığımız hoteldə Azərbaycan mətbəxi ilə maraqlandıq. Bizə düşbərəni məsləhət gördülər, hətta şəklini də göstərdilər. Maraqlı gəldi, sifariş etdik. Doğurdan da dadlı yeməkdir. Mən gürcü mətbəxinə bir az bələdəm. Bu hardasa gürcü xingalına bənzəyir, ancaq dadı tamam fərqlidir.
- Qiymət və xidmət səviyyəsi sizi qane etdimi?
- Qiymətlər bir qədər bahadır, xidmət səviyyəsini isə normal qiymətləndirmək olar. Şəhər mərkəzindən o qədər də uzaq olmayan hoteldə qalırıq, dillə bağlı da hər hansı problemimiz olmur. Ancaq narazı qaldığımız məqamlar da var. Hotellər turistlər üçün şəhər turu təşkil etmirlər. Biz bu məsələ ilə maraqlandıq, yalnız bələdçi kitabçası verə biləcəklərini söylədilər. Məcbur qalıb kitabı götürdük, xəritə ilə getmək istədiyimiz yerləri tapmağa çalışırıq. Bu da, əlbəttə ki, çətindir, küçə və prospekt adlarını tapmaq da asan olmur. Biz küçə adlarını yolun qıraqlarında axtarırdıq, ancaq bir nəfər cavan oğlan binaların küncünə baxmağı məsləhət gördü. Məncə, ünvanlarla bağlı məsələyə diqqət ayırmalısınız, həqiqətən də turist üçün tanımadığı şəhərdə gəzmək çətin olur. Odur ki, hotellərdə şəhər turlarının olması vacibdir. Turist özü hansısa məkanı axtaranda çox vaxt və enerji itirir, xüsusilə də bizim kimi vaxtı az olanda.
Sadiq Musa