96-cı “Oskar”ın qalibləri elan edilib
Amerika Kino Sənəti Akademiyası yeni “Oskar” qaliblərinin adlarını açıqlayıb.
Martın 10-da Los-Ancelesdə keçirilən 96-cı mükafatlandırma mərasimində qaliblər 23 nominasiya üzrə müəyyən edilib.
Kristofer Nolanın sonuncu filmi “Oppenheimer”, gözlənildiyi kimi, namizəd göstərildiyi əksər nominasiyaların qalibi olub. Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın atom bombasının yaradıcısı, amerikalı fizik Julius Robert Oppenheimer (1904–1967) haqqında bioqrafik dramı 8 nominasiya üzrə “Oskar” mükafatını qazanıb.
Ekran əsəri “Ən yaxşı film”, “Ən yaxşı rejissor” (Kristofer Nolan), “Ən yaxşı aktyor” (Killian Merfi), “Ən yaxşı musiqi”, “Ən yaxşı ikinci plan aktyoru” (Robert Dauni Jr), “Ən yaxşı operator işi” (Hoyte Van Hoytema), “Ən yaxşı montaj”, “Ən yaxşı soundtrack” (Lüdviq Qoransson) nominasiyalarının qalibi olub.
“Ən yaxşı aktrisa” nominasiyasında “Yazıqlar” filmində rol alan Emma Stoun mükafata layiq görülüb. “Ən yaxşı mahnı” nominasiyasında “Barbi” filmində səslənən “Mən nə üçün yaradılmışam?” musiqisi mükafat alıb.
“Ən yaxşı xarici film”də “Maraq zonası”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari”də “Amerika fantastikası”, “Ən yaxşı orijinal ssenari”də “Düşməyin anatomiyası”, “Ən yaxşı cizgi filmi” üzrə “Oğlan və quş”, “Ən yaxşı sənədli film” nominasiyasında “Mariupolda 20 gün”, “Ən yaxşı qısametrajlı bədii film”də “Henri Şuqarın ecazkar hekayəsi” və digər nominasiyalarda qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “Oppenheimer” fevralın 18-də keçirilən BAFTA-nın 77-ci mükafatlandırma mərasimində namizəd olduğu 13 nominasiyadan 7-sini qazanmışdı.
Yeri gəlmişkən, builki mükafatlandırma mərasiminin yayımının izlənilməsi ilə bağlı son dörd il üzrə rekord qeydə alınıb.
Bu barədə Amerikanın “Variety” jurnalı məlumat verib. Bildirilib ki, bu il 19,5 milyon tamaşaçı 96-cı “Oskar” şölənini izləyib.
2021-ci ildə təltifat mərasimini 10,4 milyon insan izləmişdi. O zaman bu aşağı göstərici COVID-19 pandemiyası ilə əlaqələndirilmişdi. 2022-ci ildə tamaşaçıların sayı 16,6 milyon, 2023-cü ildə isə 18,8 milyon olmuşdu.