XX əsr Azərbaycan ədəbi nəsrinin inkişafına töhfələr verən ədiblərimizdən biri də yazıçı, dramaturq, tənqidçi, ictimai xadim, Xalq yazıçısı, Dövlət mükafatı laureatı Mehdi Hüseyn olub. Yazıçı orijinal yaradıcılıq xüsusiyyətləri ilə nəsr və dram əsərlərində yaşadığı dövrün xarakterik cəhətlərinə işıq tutub. 56 illik ömrünün 40 ilini ədəbiyyata həsr edən yazıçını anadan olmasının 115 illiyi münasibətilə yada saldıq.

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində dünyaya göz açıb. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu nəzdində akademiya tipli kinossenaristlər kursunda təhsil alıb.

Yaradıcılığa müxbir yazıları ilə başlayan Mehdi Hüseynin II Dünya müharibəsi illərində qələmə aldığı “Nişan üzüyü”, “Bəxtiyar”, “Qanlı sular”, “Dost” və s. hekayələr maraq doğurub. Bu hekayələrdə müharibə dövrü insanlarının psixologiyasında yaranan dəyişikliklər önə çəkilir. Bu hekayələr oxucular tərəfindən maraqla qarşılanır. Gənc yazıçı bundan bir az da cəsarət tapır. İrihəcmli əsərlər yazmağa başlayır. “Daşqın”, “Tərlan”, “Səhər”, “Abşeron”, “Qara daşlar” və “Yeraltı çaylar dənizə axır” romanlarını yazır.

“Daşqın” əsəri (1936) Azərbaycan sovet romanının ilk nümunələrindən hesab olunur. Məlumdur ki, həmin dövrdə yazılan romanların mövzusunu sovetləşmə uğrunda gedən mübarizə təşkil edirdi. “Daşqın” romanında Azərbaycan-Gürcüstan sərhədində Cümhuriyyət tərəfdarları ilə işğalçı XI Qızıl Ordunun qarşılaşma səhnələri təsvir edilib. Əsərdə xalqımızın faciəli taleyi, öz müstəqilliyini qoruyub saxlamaq uğrunda cəhdlərinin uğursuzluğa düçar olması əksini tapıb.

Görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev 1959-cu ildə Mehdi Hüseynin yaradıcılığına həsr etdiyi məqaləsində yazırdı: “Mehdinin əsərləri hələ otuzuncu illərdən yayılmağa, diqqəti cəlb etməyə başlamışdı. Onun bir sıra həcmcə xırda, mövzu etibarilə əhəmiyyətli, məzmunca zəngin hekayələrindən istedadlı gənc bir qələm sahibinin səsi gəlirdi... Müzakirə və söhbətlərdə bəzən bu sual eşidilirdi: Mehdinin yazı üslubu klassiklərdən kimə daha yaxındır – Mirzə Cəlilə, Süleyman Saniyə, yoxsa Qorkiyə və ya Fadeyevə? Mən deyərdim ki, bu üslub hər kəsdən əvvəl Mehdinin öz orijinal üslubudur”.

Mehdi Hüseynin roman yaradıcılığında yeni mərhələ “Qara daşlar” romanı ilə başlayır. Bu əsər yazıçının 1947-ci ildə yazdığı “Abşeron” romanının davamı hesab olunur. Ancaq əsər tənqidə məruz qalır. Qeyd edilir ki, yazıçı əsərdə maarifçi ədəbiyyatda olduğu kimi, ideyadan süjetə keçir və ictimai şüuru durmadan  “yüksələn” əmək adamlarının obrazını yaratmağa çalışıb...

“Yeraltı çaylar dənizə axır” əsərində isə insan taleyi, onun həqiqi yaşantıları öz gerçəkliyi ilə əks olunmağa istiqamətlənib. Romanda oxucu II Dünya müharibəsində itkin düşən Səmirə Aydının başına gələnlərlə onun qələmə aldığı gündəliklər vasitəsilə tanış olur. Əslində, əsərdə cərəyan edilən hadisə – Səmirə Aydının göz yaşı ilə suvarılan tale müharibədən sonrakı illərdə Azərbaycan xalqının başına gətirilən dəhşətlərin əksidir. Yazıçı xalqın bütün faciəli yaşantılarının kökünü “respublikanın sahibi” Mollayevin şəxsiyyəti ilə əlaqələndirir. Ümumilikdə, müəllif əsərə sovet siyasi rejiminin antihumanist mahiyyətini açmağa çalışır.

Araşdırmalardan da məlumdur ki, Mehdi Hüseyn ədəbi tənqidə yazıçılıqdan əvvəl başlayıb. 1930-cu ildə ədibin ilk tənqidi məqalələrindən ibarət “Ədəbi döyüşlər” kitabı işıq üzü görüb. Görkəmli ədib 40 illik yaradıcılıq fəaliyyəti dövründə sinfi-siyasi mübarizə və 20–30-cu illərin ən qızğın sənət mübahisələrinin iştirakçısı olub. O, sonrakı illərdə də həqiqi ədəbiyyatın mənafeyini müdafiə edib, sənətdə keyfiyyət amilini əsas tutub. Obyektiv tənqidçi kimi qəbul edilən Mehdi Hüseyn qənaətlərini açıq və kəskin şəkildə bildirib.

Mehdi Hüseyn Azərbaycan Yazıçılar İttifaqının təşəkkül tapmasında yaxından iştirak edib, təşkilat komitəsinin məsul katibi (1930–1934), ittifaqın idarə heyətinin katibi (1954–1958) olub. 1958–1965-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik (idarə heyətinin birinci katibi) edib. 1964-cü ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Əsərləri bir sıra dillərə tərcümə edilib. Mehdi Hüseyn 10 mart 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov