I yazı

 

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi qeyd edilir. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü il tarixində sərəncam imzalanıb. Əlamətdar yubiley eyni zamanda Naxçıvan diyarının Azərbaycan tarixindəki çoxəsrlik keçmişinə bir daha nəzər salmaq fürsətidir.

Milli Azərbaycan Tarixi Muzeyində Naxçıvanın ilkin şəhər mədəniyyətinin xüsusiyyətlərini müəyyənləşdirməyə imkanı verən çoxsaylı eksponatlar qorunur. Bu günlərdə materiallarla tanış olmaq üçün muzeyi ziyarət etdik. Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə bizimlə söhbətində yubileylə əlaqədar “Naxçıvan sivilizasiyaların qovşağında” adlı kitabı nəşrə hazırladıqlarını dedi. Əlavə etdi ki, muzeyin direktoru akademik Nailə Vəlixanlı ilə birgə “Naxçıvanın qədim şəhər mədəniyyətinin tədqiqində və təbliğində Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji materiallarının əhəmiyyəti” mövzusunda vaxtilə çox geniş bir material hazırlanıb. Alim həmin material əsasında bir sıra məlumatları bizimlə bölüşdü.

***

Muzeyin Arxeologiya fondunda mühafizə olunan arxeoloji materialların bir qismini Naxçıvan tapıntıları təşkil edir. Eneolitdən başlayaraq Orta əsrlər dövrünədək böyük bir mərhələni əhatə edən bu tapıntılar I və II Kültəpələr, Şahtaxtı, Qızılburun (Qızılvəng), Naxçıvan, Danaqırd və Xaraba Gilan abidələrindən aşkar olunub. Arxeoloji tapıntılar Naxçıvanın qədim şəhər mədəniyyətinin öyrənilməsində də çox böyük əhəmiyyət kəsb edir.

Yazılı mənbələrin olmadığı Tunc dövrü protoşəhərlərinin tədqiqində arxeoloji materialların rolu danılmazdır. Bu arxeoloji materiallar arasında, xüsusilə, hər iki Kültəpə tapıntıları Naxçıvanda ilkin şəhər mədəniyyətinin təşəkkülünü özündə təcəssüm etdirir. Ekspozisiyada nümayiş etdirilən I Kültəpə materialları (daş, sümük və buynuz toxalar, dənəzən daşlar, həvəngdəstələr, kömürləşmiş buğda və s.) e.ə. VI–IV minilliklərdə azərbaycanlıların inkişaf etməkdə olan əkinçi mədəniyyətindən xəbər verir. Müxtəlif təyinatlı gil qablar, qazan və küplər dulusçuluğun, sümükdən olan iynə və bizlər, gil əyircəklər, eləcə də bəzək əşyaları sənətkarlığın, o cümlədən toxuculuğun inkişafının göstəricisidir. Arxeoloqların aşkar etdikləri və muzeyin ekspozisiyasında nümayiş olunan məşhur Xələf mədəniyyətinə məxsus boyalı çölməyi də xüsusi qeyd etmək olar. Çox səliqəli və daha yüksək texnika ilə hazırlanmış bu qabın üstündəki naxışların magik xarakter daşıması ehtimal edilir.

I Kültəpədən tapılmış sümük, pasta və əqiqdən, qaban dişindən asmalar bəzək əşyası olmaqla yanaşı, amulet funksiyası da daşıyırdılar. Üzərində müxtəlif magik işarələr olan çox zərif qablar bizi qədim əcdadlarımızın dini-ideoloji təsəvvürləri ilə tanış edir. Naxçıvandan tapılmış Erkən Tunc dövrünə məxsus qayıqvarı dən daşı ən maraqlı nümunələrdəndir. Eləcə də Kür-Araz mədəniyyətinə xas olan spesifik xüsusiyyətli – yumru, yarımşar formalı və bir çox halda öküz burnuna oxşar qulplu, müxtəlifölçülü və təyinatlı saxsı qablar maldarlıq və əkinçiliyin intişar tapdığı bu ərazidə məhsuldarlıq rəmzi olan öküz kultunun geniş yayıldığını göstərir.

Nasir Quluzadə deyir ki, ilkin şəhər mədəniyyətini səciyyələndirən əlamətlərdən biri də coğrafi şərait və təbii sərvətlərlə bağlıdır. Bu baxımdan Naxçıvanın yerləşdiyi coğrafi mövqe və təbii sərvətləri, sözsüz ki, şəhərin yaranmasına, ən qədim zamanlardan yerli qəbilələrin tarixi-mədəni inkişafına kömək edib. Bu da, öz növbəsində, II Kültəpə kimi müdafiə tikililərinə malik erkən şəhər məskənlərinin meydana gəlməsini şərtləndirib. Onu da qeyd edək ki, II Kültəpədə 1968-ci ildə arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş İlk, Orta, Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətlərinə məxsus nümunələr muzeyin Arxeologiya fonduna 1977-ci ildə təhvil verilib.

Naxçıvanın qədim şəhər mədəniyyətinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli mənbələrdən birini də məhz Son Tunc və Erkən Dəmir dövrü abidələri və onların materialları təşkil edir. Muzeydə bu dövrə aid materialları mühafizə olunan abidələrdən biri Qızılburundur (Qızılvəng) ki, arxeoloji axtarışlar zamanı bu abidədən Son Tunc və İlk Dəmir dövrlərinə aid saxsı, metal, sümük və daş məmulatları tapılıb. Qızılburunun saxsı məmulatı, əsasən, xeyrə, kasa, şargövdəli küpə, çaynik formalı, güvəc, bardaq, qədəh, ayaqqabı formalı qablardan ibarətdir. Tunc məmulatını isə xəncər, ox ucları, boyunbağı, sancaqlar, qolbaqlar, üzüklər, halqalar, pilək, lövhələr, düymələr və muncuqlar təşkil edir.

***

Naxçıvanın şəhər mədəniyyəti haqqında Ordubad rayonunun Anaqut (keçmiş Danaqırd) kəndi ərazisində aşkar olunmuş arxeoloji tapıntılar da az əhəmiyyət kəsb etmir. Son arxeoloji tədqiqatlarla müəyyənləşdirilib ki, Ordubad rayonu ərazisində, Gilançayın mənsəbində e.ə. II minilliyin sonlarında müdafiə divarları ilə möhkəmləndirilmiş şəhər – Sumbatan-Dizə olub. 1926-cı il sentyabrın 10-da Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Ə.Ələkbərovu arxeoloji və etnoqrafik tədqiqatlar aparmaq üçün Naxçıvana – Ordubad rayonuna ezam edir. O bu səfər zamanı təsadüfi arxeoloji materiallar – əsasən, tunc əşyalar toplayır. Naxçıvan ərazisindəki qədim abidələrin öyrənilməsi 30-cu illərdə uğurla davam etdirilib. Ə.Ələkbərov həmin ərazidə Son Tunc və İlk Dəmir dövrünə aid silsilə yaşayış yerlərini, iç qalaları kəşf edib. 1934–1936-cı illərdə Ə.Ələkbərovun rəhbərliyi ilə SSRİ EA Azərbaycan Filialının ekspedisiyası tərəfindən Oğlanqala, Şahtaxtı Govurqalası, Şortəpə yaşayış yeri və bir sıra digər abidələr aşkara çıxarılıb tədqiq olunub. Göstərilən abidələr təkcə Azərbaycanda deyil, bütün Qafqazda ən qədim şəhərlər və şəhər mədəniyyəti haqqında məlumat verən məxəzlərdir.

Hazırladı: Lalə Azəri