Görkəmli xalçaçı-rəssam Fazil Abbasquluzadənin yaradıcılığında dünyaşöhrətli fırça ustası Tahir Salahovun əsərləri əsasında toxuduğu xalçalar xüsusi yer tutur. Hər detalı dəqiqliyi ilə ölçüb-biçdikdən sonra işə başlayan Fazil müəllim bildirir ki, bu xalçalar üzərində çalışarkən xalça texnologiyasında mövcud olan qaydalara maksimum əməl etməklə yanaşı, yağlı boya vasitəsilə yaradılmış rəsm əsərlərinin eynilə yun saplarla toxunmasına çalışmışdır.
Sənətindən söz açmaq istədiyim səxavətli, genişqəlbli Fazil müəllimlə elmi yaradıcılığımla əlaqədar tanış olmuşdum. Həmin gün məni başında buxara papaq olan əsl Azərbaycan ağsaqqalı, ziyalısı qarşıladı. Sumqayıt şəhərindəki emalatxanasında qonağı olduğum Fazil müəllim dissertasiya müdafiəm üçün gərəkli olan çox dəyərli məlumat və materiallarla mənə dəstək oldu. Bu da sənətkarın heç zaman gənclərdən yardımını əsirgəməməsinin göstəricisidir.
Məlumat üçün qeyd edim ki, Fazil Abbasquluzadə 1961-ci ildə Qubadlı rayonunun Cılfır kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunur və 1984-cü ildə universitetin Bədii qrafika fakültəsini bitirir. Təyinatla İsmayıllı rayonuna gedir. Buradakı fəaliyyəti zamanı xalçaçılıq məktəbinin sirlərinə də dərindən yiyələnir. Beləliklə, İsmayıllı rayonundakı iş fəaliyyəti onu ömürlük xalça sənətinə bağlayır. Fazil müəllim elə ilk əsərlərini də məhz o zamanlarda yaradır. Həmin illərdə bir sıra görkəmli xalçaçı-rəssamın elmi-tədqiqat, nəzəri əsərləri ilə tanış olaraq araşdırmalar aparır, daha fərqli, heç kəsə bənzəməyən eskizlər hazırlayır. 1993-cü ildə Sumqayıta köçən xalçaçı-rəssam yaradıcılıq fəaliyyətini bu şəhərdə davam etdirir. Rəssamın şəxsi emalatxanasında öz təxəyyülündən süzülən fikirləri toxucu xanımlar bu gün də xalça üzərinə köçürməkdədir.
Əvvəldə qeyd etdiyimiz kimi, Fazil Abbasquluzadənin yaradıcılığında diqqətçəkən məqamlardan biri də Tahir Salahovun əsərləri əsasında toxunmuş xalçalardır. Fazil müəllimlə görüşümüz zamanı o, Tahir Salahovla bağlı xatirələrindən də söz açdı: “Tahir Salahov bir dəfə mənim süjetli xalçalarımdan birini görüb çox bəyənmiş və müəllifini soruşmuşdu. Müəllim yoldaşımın vasitəçiliyi ilə tanış olduq. Məni emalatxanasına dəvət edib əməkdaşlıq etmək istədiyini bildirdi. Tahir Salahovu cərrahi əməliyyat edən həkimin portretini mənə verib onu xalça üzərinə köçürməyimi xahiş etdi. İş bitdikdən sonra Salahov həmin xalçanı portret sahibinə hədiyyə elədi. Həkim Hetsel ilk olaraq bunun xalça olduğuna inanmamışdı. İlmələrin və rəng çalarlarının canlılığı onu heyran etmişdi. Bundan sonra Tahir Salahov xalça üzərinə köçürülməsi üçün növbəti əsərlərini də mənə həvalə etdi. “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Səhər eşelonu” və digər xalçaları təhvil verdikdən sonra Tahir müəllimin əsərlərini kütləvi şəkildə işləməyə başladım. Heç bir vasitəçi olmadan Tahir Salahov şəxsən özü xalçaya köçürüləcək əsərləri seçib mənə verirdi. Tahir müəllimin palitrasını xalçalarda canlandırmaq olduqca çətin idi. Məsələn, belə əsərlərdən “Payızda Paris” xalçasını nümunə göstərə bilərəm. İlk baxışdan rənglərin lakonikliyi gözə çarpsa da, diqqətlə baxdıqda fərqli rəng çalarlarını, rəng keçidlərini görmək olar. Tahir müəllimin əsərlərini sürətli işləmək üçün işimi sistemli şəkildə qurmağa çalışmışam. Eskizləri hazırladıqdan sonra bir neçə xalça eyni zamanda toxunurdu. Lissabon şəhərində 36 ölkədən tanınmış sənətkarların iştirak etdiyi sərgidə mənim 29 xalçam nümayiş olunmuşdur. Hər kəs sərgini maraqla izləyib müsahibə alırdı. İşlədiyim kollektivlə 8 ildə Tahir Salahovun 50-yə yaxın əsərini xalça üzərinə köçürtdük”.
Tahir Salahovun portret, mənzərə, natürmort və süjetli kompozisiyalarından ibarət məşhur əsərləri əsasında Fazil Abbasquluzadənin eskizləri üzrə toxunan xalçaların haşiyə qurşaqlarının bəzilərinin klassik xalça elementləri, bəzilərinin isə əsərin məzmunu ilə bağlı elementlərlə tərtib edildiyini görə bilərik. Sözügedən xalçaların texniki və bədii tərtibatındakı unikallığına əmin olmaq üçün təkcə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin portretinin toxunduğu xalçaya nəzər salmaq kifayət edər. Tahir Salahovun naturadan təsvir etdiyi Heydər Əliyevin portreti Fazil Abbasquluzadənin eskizi əsasında 2011-ci ildə xalça üzərinə köçürülmüşdür. Fazil müəllim bildirir ki, dahi liderin portretini xalçada əks etdirərkən çiyinlərində böyük məsuliyyət hiss edirdi. Çox düşündükdən sonra portretin toxunacağı xalçanın haşiyə qurşağını tərtib etmək üçün o, Təbriz xalçaçılıq məktəbinə müraciət etmək qərarına gəlir. Belə ki, bu xalçaya nəzər yetirsək görərik ki, xalçanın yeləni ana haşiyə, onu əhatə edən iki bala haşiyə və bir cağ haşiyədən ibarətdir. Təbriz xalçalarında tez-tez rast gəldiyimiz nəbati üslubda işlənilmiş ana haşiyənin üzərində “Şah Abbası” adlı böyükölçülü elementlər var. Haşiyənin əsasını təşkil edən bu element qarışların mərkəzində yerləşdirilmişdir. Qarışların arasında isə bala butalar stilizə edilmişdir. Bala butalar S formalı şaxələrin üzərində göstərilərək ahəngdar görünüş yaradır. Bala haşiyə isə ağ yerlik üzərində stilizə edilmiş islimi, köməkçi və doldurucu forma elementləri ilə bəzədilmişdir. Ara sahənin ətrafını dilikli cağ elementləri əhatə edir. Təbii ki, böyük siyasi xadimin portretini Təbriz şəhəri kimi sənət beşiyinin xalçaçılıq məktəbinə xas elementlərinin müşayiət etməsi özündə dərin bir mənəvi məna daşıyır.
Hər zaman bəsitlikdən qaçan, daha çətin texnologiyaya malik eskizlər hazırlayan Fazil müəllim Tahir Salahovun əsərlərinin xalça üzərində toxunmasını özü üçün mürəkkəb bir sənət mərhələsi hesab edir. Xüsusi rəssamlıq duyumu olan xalçaçı böyük rəngkar Tahir Salahovla əməkdaşlığı dövründə onun əsərlərini olduğu kimi xalça üzərinə həkk etməklə yanaşı, həm də xalçalara öz üslub yanaşmasını ortaya qoymuşdur. Buna görə də həmin xalçalar xalçaçının da dəst-xəttini özündə əks etdirir. Beləliklə, Fazil Abbasquluzadə öz çeşniləri ilə bu əsərlərə sanki ikinci ömür bəxş edərək həm təsviri sənətdə, həm də Azərbaycan xalçaçılığında fərqli bir təcrübəyə imza atmışdır.
Sədaqət Əliyeva
sənətşünas