Ədəbiyyatşünaslıq və folklorşünaslıq elmimizin inkişafında mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də Əməkdar elm xadimi, akademik Həmid Araslıdır. Bu il fədakar elm xadiminin anadan olmasının 115 illiyidir.

Həmid Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. Atası dövrünün təhsilli, açıqfikirli alim-ruhanilərindən idi. Həmidin iki yaşı olanda atası dünyasını dəyişir. Çox keçmir anasını da itirir.

Qohumlarının himayəsində qalan Həmid şəhərdə Şah Abbas məscidinin nəzdindəki mədrəsədə təhsil alır. 1921–1926-cı illərdə Gəncə Kişi Müəllimlər Seminariyasında oxuyur. 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsinə daxil olur. Təhsilini vaxtından əvvəl başa vurub 1932-ci ildə Gəncəyə qayıdır. Şəhər Maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. Bir ildən sonra Bakıda indiki AMEA-nın nəzdində təşkil olunmuş kitabxanada Şərq şöbəsinin müdiri vəzifəsində işə düzəlir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunun yaradılmasında müstəsna rol oynayır və fondun direktoru olur.

Həmid Araslı 1937-ci ildə, minlərlə parlaq ziyalımız kimi, həbs olunma təhlükəsi ilə üzləşir. Çünki rəhbərlik etdiyi Şərq Əlyazmaları Fondunda sovet məfkurəsinə zidd əski əlyazmaları toplayıb tədqiq edirdi. Bunun üçün də tutduğu vəzifədən və partiyadan uzaqlaşdırılır. Buna baxmayaraq, tədqiqatçı şifahi xalq ədəbiyyatımızın öyrənilməsinə xüsusi diqqət yetirir. O, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında sanballı elmi əsərlər yazır. “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk naşiri də Həmid Araslı olub. Görkəmli alim yeni yaradılan Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində elmi katib vəzifəsinə təyin edilir. 1943-cü ildə “XIII–XVI əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edir. Bir il sonra Azərbaycan Dövlət Universitetində (indiki BDU) Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə irəli çəkilir.

Elmi tədqiqatlarını davam etdirən alim “XVII–XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1955-ci ildə “professor” elmi adı alır. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Mətnşünaslıq şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutu (indiki Şərqşünaslıq İnstitutu) Ədəbiyyat şöbəsinin müdiri olur. Alim 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir.

***

H.Araslı “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabında Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini yaradıb. Alim eyni zamanda SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir vaxtda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi sənətinin milli ruhuna həssaslıqla yanaşıb. Şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. O, Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövrün, mərhələnin yetirdiyini söyləyib. H.Araslı öz tədqiqatları ilə Nizaminin guya İranın Qum şəhərindən olması haqqındakı əfsanəni də alt-üst edib.

Ədəbiyyatşünas-alimin Məhəmməd Füzuli irsinin ardıcıl tədqiq olunmasında və xaricdə təbliğində də mühüm xidmətləri var. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu, rus və Azərbaycan dillərində nəşr edilən “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

H.Araslı Nəsimi yaradıcılığının da ilk araşdırıcılarından sayılır. O, “Fədakar şair” adlı oçerk, elmi məqalə və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazıb.

Alim təqdirəlayiq mətnşünaslıq fəaliyyəti ilə də tanınır. Onun bu sahədə xidmətləri Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edir. Müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini nəşr etdirib.

***

Azərbaycanda Qorqudşünaslıq elminin formalaşmasında da H.Araslının müstəsna xidmətləri var. Alim 1938-ci ildən “Kitabi-Dədə Qorqud” dastanına aid məqalələrlə dövri mətbuatda çıxışlar edir. O, abidənin boylarını bütövlükdə ilk dəfə latın qrafikası ilə Azərbaycan dilində, sonralar isə rus dilində nəşrinə nail olur. “Kitabi-Dədə Qorqud”da dil, üslub, hadisələrin cərəyan etdiyi məkanların Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandıran alim dastanda çətin anlaşılan ifadələrin folklorda və klassik şairlərin əsərlərində işlənilən bədii nümunələrlə müqayisə edərək abidənin dilinin Azərbaycan dilinə yaxınlığını göstərib.

H.Araslı 1951-ci ildə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarına görə tənqid və təqiblərə məruz qalır. Müzakirələr zamanı dastandakı boyların milli folklor mədəniyyətimiz üçün heç də yad olmadığını bildirir. Bir neçə il sonra onun Məmməd Arif, Əbdüləzəl Dəmirçizadə və Məmmədhüseyn Təhmasiblə birlikdə yazdıqları “Dədə Qorqud” dastanları” adlı məqalə ilə abidənin Azərbaycanda öyrənilməsi və nəşrinə qarşı olan qərəzli çıxışlara son qoyulur.

H.Araslı ölkəmizdə və xaricdə “Kitabi-Dədə Qorqud” abidəsinə həsr edilən bir sıra mötəbər elmi tədbirlərin iştirakçısı olub. Onun bu dastanla, eləcə də klassik ədiblərimizlə bağlı məruzələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Ədəbiyyatşünas fars şairləri Ə.Firdovsi, Ə.Cami, H.Şirazi, özbək şairi Əlişir Nəvai irsini də araşdırıb. H.Araslı eyni zamanda Orta əsrlər Azərbaycan ədəbi əlaqələrinə dair ilkin araşdırmaların da müəllifi kimi tanınır. Onun elmi rəhbərliyi ilə onlarla elmlər doktoru və elmlər namizədi (fəlsəfə doktoru) yetişib.

Akademik Həmid Araslı 20 noyabr 1983-cü ildə dünyasını dəyişib.

Savalan Fərəcov