Milli Kitabxananın dövri mətbuat arxivindən (10)

 

Mətbuat xronikasından növbəti seçmələr sovet dövrünə aiddir. Dövran, ictimai-siyasi quruluş dəyişsə də, mədəniyyətdə (eləcə də digər sahələrdə) hər zaman aktual, həlli vacib məsələlər qalmaqdadır. Məsələn, dekorativ-tətbiqi sənətin inkişafı ilə bağlı. Xalq rəssamı Mikayıl Abdullayev ötən əsrin 50-ci illərində də bu barədə fikirlərini mətbuatda bölüşmüşdü. Yaxud yerlərdə teatr sənətinə kütləvi marağın təşviqi, paytaxtdan bölgələrə qastrolların təşkili. Bu gün olduğu kimi, onilliklər əvvəl də mədəni həyat üçün əhəmiyyət kəsb edirdi...

Seçmələrdə qəzetlərin orfoqrafiyası saxlanılıb...

 

***

 

Tətbiqi incəsənətimizi inkişaf etdirək

 

Mikayıl Abdullayevin “Sənətimizin çatışmayan cəhətləri” məqaləsində haqlı olaraq göstərilir ki, tətbiqi incəsənətimizin bəzi növləri çox zəif inkişaf etdirilir. Bu səbəbdən sərgilərimizdə tətbiqi incəsənət əsərlərinə az rast gəlirik. Onu da əlavə etmək lazımdır ki, bizim qab-qacaq istehsal edən zavod, toxuculuq fabrikalarımız və başqa müəssisələr milli naxışlarla bəzənmiş zərif qablar və parçalar buraxmırlar.

Ə.Əzimzadə adına rəssamlıq məktəbində vaxtilə tələbələrə milli ornamentləri öyrədirdilər. Ancaq son illərdə burada təhsil alan gənclər tətbiqi və dekorativ sənətlərlə məşğul olmurlar.

Ayrı-ayrı xalq ustalarının təcrübəsini öyrənmək, xalqımızın zəngin bədii irsini qoruyub inkişaf etdirmək, tətbiqi-dekorativ əsərləri toplayıb kitab şəklində nəşr etmək vaxtı gəlib çatmışdır.

Bədii xalq sənətlərinin inkişafı işi ilə Azərbaycan Sənaye Şurası və Respublika xalq yaradıcılığı evi ciddi məşğul olmalıdırlar. Xalqımızın milli incəsənətini qorumaq, onu inkişaf etdirmək, onun şöhrətini daha da artırmaq mühüm vəzifədir. Azərbaycan rəssamlarının III qurultayı başqa məsələlərlə yanaşı tətbiqi incəsənət ustalarımızın yaradıcılıq işinə də yekun vurmalı və bu sənətin hərtərəfli inkişafı üçün tədbir görməlidir.

“Ədəbiyyat və incəsənət” qəzeti, 15 mart 1958-ci il

 

Teatr və kənd

 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı Azərbaycan KP Abşeron Rayon Komitəsi ilə birgə teatr həftəsi keçirmişlər.

Abşeron rayon mədəniyyət evində təntənəli açılışı olan teatr həftəsi ərzində Əzizbəyov teatrının kollektivi “Büllur sarayda” (İ.Əfəndiyev), “Kimdir haqlı?” (B.Vahabzadə), “Torpağa sancılan qılınc” (N.Xəzri), “Nişanlı qız” (S.Rəhman), “Çahargah fantaziyası” (K.Kərimov), “Atabəylər” (N.Həsənzadə) tamaşalarını göstərmişdir. Bu tamaşalara rayonun sakinləri, ayrı-ayrı sovxozların, təşkilatların, idarə və müəssisələrin nümayəndələri baxmışlar. Teatrın kollektivi həftə ərzində Mehdiabad və Məhəmmədli sovxozlarında olmuşlar.

Əsl teatr bayramına çevrilmiş həftənin yekun günü tamaşaçıların arzusu ilə onlarla teatr aktyorlarının görüşü keçirilmişdir. Azərbaycan SSR xalq artistləri Nəcibə Məlikova, Məhluqə Sadıqova, Məlik Dadaşov, Həsən Turabov, Səyavuş Aslan, əməkdar incəsənət xadimləri Hüseynağa Atakişiyev, Mərahim Fərzəlibəyov, respublikanın əməkdar artistləri Hamlet Xanızadə, Səfurə İbrahimova, Kamal Xudaverdiyev, İlham Əhmədov, Lütfi Məmmədbəyov, rejissor Ağakişi Kazımov, aktyorlardan Mikayıl Mirzəyev, Bəsti Cəfərova, Zemfira Nərimanova, Firəngiz Mütəllimova, Nurəddin Quliyev və başqaları tamaşaçıların suallarına cavab vermiş, gələcək yaradıcılıq planlarından danışmışlar.

“Kommunist” qəzeti, 18 mart 1986-cı il