Bakıda beynəlxalq konfrans keçirilir

Oktyabrın 24-də Bakıda «Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu» mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbir Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UİAA) təşəbbüsü, İDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov bildirib ki, konfransın məqsədlərindən biri də dağların ekoloji sisteminin məruz qaldığı təsirlərdən söz açmaq, bütün təbiətsevərlər tərəfindən bu ekosistemin qorunmasına çağırış etməkdir. Azərbaycan ərazisinin yarısının dağlıq olduğunu qeyd edən H.Bağırov bildirib ki, ölkədə 4 min metrdən hündür olan 17 dağ zirvəsi mövcuddur. Bu da dağçılıq idmanının inkişafı üçün geniş imkanlar yaradır: «Əsas məsələ idmançı hüququnun harada bitdiyi və təbiətin hüququnun başladığı yerlə bağlı məsələdə balans yaradılmasıdır».
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru Urxan Ələkbərov bildirib ki, dünyada davamlı inkişaf XXI əsrin əsas prioritetidir. Onun sözlərinə görə, Azərbaycanda davamlı inkişafla bağlı məsələlər uğurla həyata keçirilir, müvafiq dövlət proqramları icra olunur.
Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UİAA) vitse-prezidenti Peter Farkas, qurumun Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Makmillan dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolundan danışıblar.
Konfransda dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Konfrans oktyabrın 26-dək işini davam etdirəcək.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar