Hər bir xalqın yazı, kitab mədəniyyətinin önəmli göstəricilərindən biri əlyazmalardır. Bu əvəzsiz xəzinə millətin keçmişindən və zəngin mədəniyyətindən xəbər verən mənbədir. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub-saxlanılan, tədqiq olunan minlərlə əlyazma da mədəniyyət tariximizin dəyərli səhifələridir. İnstitutun elmi işlər üzrə direktor müavini Paşa Kərimov bizimlə söhbətində bu barədə danışdı:
   
   - Əlyazmalar hər bir millətin yazı mədəniyyətini nümayiş etdirir. Qərinələr, illər ötdükcə artır və zəngin mədəniyyətin tərkib hissəsi kimi aktuallığını qoruyub saxlayır. Ona görə də əlyazmaları əldə etmək, qorumaq və gələcək nəsillərə çatdırmaq böyük önəm daşıyır. Əlyazmalar İnstitutu yarandığı zaman XIX-XX əsrlər Azərbaycan mədəniyyətinin Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Əbdülqəni Əfəndi, Hüseyn Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin şəxsi kolleksiyaları, arxivləri fondumuzun əsasını təşkil edib. Bu gün isə onlarla mədəniyyət xadiminin şəxsi fond materialları, 40 mindən çox əlyazma, qədim çap kitabları, inqilaba qədər olan dövri mətbuat və şəxsi fond materialları saxlanılır. Onların arasında Mərakeşdən, İspaniyadan Hindistanadək bütün Yaxın və Orta Şərq, Şimali Afrika ölkələrinin xalqlarının mədəniyyətinə, tarixinə aid materiallara rast gəlmək olar.
   IX əsrə aid olan və dəri üzərinə yazılan “Quran”ın “Nisa” surəsi, Məhəmməd Əbu Nəsr Fərabinin “İhsaül-ülüm” (“Elmlərin bölgüsü”), İbn Sinanın “Qanun fit-tibb” (“Tibb qanunları”), Nəsrəddin Tusinin “Zici-Elxani” əsəri, Xəqani Şirvani və Nizami Gəncəvinin XV-XVI əsrlərdə üzü köçürülən nəfis rəngli miniatürü, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Ömər Xəyyamın, Qövsi Təbrizinin və başqa klassiklərin əlyazmaları fondun nadir incilərindəndir.
   Azərbaycan ədəbiyyatının bizə gəlib çatan ilk yazı nümunələri XIII-XIV əsrə aiddir. Onlardan İzzəddin Həsənoğlu, Nəsir Bakuvi, Qazi Bürhanəddinin əsərlərini qeyd etmək olar. Əski dövrdə bir-birinin ardınca məsnəvi şəklində irihəcmli poemalar yaranıb. Azərbaycan dilində yaradılmış ilk poemalar içərisində müəllifi hələ də bilinməyən “Dastani-Əhməd Hərami”, Qul Əlinin “Qisseyi-Yusif”, “Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşa” , XIV əsrdə yaşamış Suli Fəqih adlı Azərbaycan-türk şairinin “Yusif və Züleyxa” poemasını və s. əsərləri göstərmək olar. Böyük özbək şairi və dövlət xadimi Əlişir Nəvainin demək olar ki, bütün əsərlərinin əlyazma nüsxələri, XVIII əsrdə yaşamış türkmən şairi Məhtumqulu Fəraqinin əsərlərinin iki əlyazma nüsxəsi və digər qiymətli əlyazmaları fondumuzda layiqli yer tutur.
   
   İnstitutun fondu yeni yazılı abidələrlə zənginləşir
   
   Son illər əməkdaşlarımızın respublikanın müxtəlif rayonlarına arxeoqrafik ezamiyyətləri sayəsində institutun xəzinəsinə yeni əlyazma nümunələri daxil olub. Xaricdə yaşayan soydaşlarımız fondumuzun zənginləşməsinə töhfələrini verirlər. Bu yaxınlarda Almaniyada yaşayan həmvətənimiz, ədəbiyyat tariximizin tədqiqatçısı Məhəmmədəli Hüseynin vasitəçiliyi ilə bir sıra əlyazma abidələrimizin surətlərini və dəyərli çap kitabları əldə etdik. İranın Qum şəhərində yerləşən kitabxananın elmi əməkdaşı, əlyazmalarımızın yorulmaz tədqiqatçısı Hüseyn Mütəqqi bizə Tehranın Parlament Kitabxanasında (Kitabxaneye-Məclise-Şuraye-İslamiye-İran) saxlanan bir neçə əsərin əlyazmasının surətini göndərib: 1483-cü ildə yazılmış 112 vərəq həcmində ərəbcə-farsca-türkcə lüğət; Əli Badkubeyi adlı müəllifin 1853-cü ildə köçürülmüş 71 vərəq həcmində mənzum türkcə-farsca lüğəti və s. Məşhəddə yaşayan digər həmvətənimiz Davud Əsgərpur isə M.Hüseynin vasitəsi ilə oradakı Astane-Qüdse-Rəzəvi kitabxanasında saxlanan “Fərhənge-Mirzə İbrahim” əsərinin əlyazmasının surətini göndərib. Əsərin bizim üçün dəyəri həm də onunla müəyyən olunur ki, təxminən XVI əsrin sonu, XVII əsrin əvvəllərində üzü köçürülən bu əlyazmanın kənarlarında görkəmli Azərbaycan şairi Qövsi Təbrizinin öz xətti ilə yazdığı qeydlər var.
   
   Üç əlyazma UNESCO tərəfindən “Dünyanın yaddaşı”na daxil edilib
   
   Əlyazmalar İnstitutunda saxlanılan tibbə dair üç əlyazma abidəsi UNESCO-nun təsis etdiyi “Dünyanın yaddaşı” proqramının siyahısına daxil edilib. Həmin əlyazmalardan “Zəxireyi-Nizamşahi” (“Nizamşahın azuqələri”) əsərinin (müəllifi məlum deyil) üzü təxminən XIII əsrdə köçürülüb. Əsərdə bitkilərin, heyvanların, mineralların, mürəkkəb tərkibli dərmanların farmakoloji xüsusiyyətləri əlifba sırası ilə göstərilib. Digər əlyazma Əbu Əli ibn Sinanın “Əl-Qanun fi-tibb” (“Tibbi qanun” ) adlı ərəb dilində farmakologiya və tibbə aid məşhur əsəridir. 1143-cü ildə Bağdadda üzü köçürülüb. Dünyada dəqiqliyinə görə ən nadir nüsxələrdəndir. Tibb elminin inkişafına ciddi təsir göstərən fundamental əsərlərdən biridir. Üçüncü əlyazma “Əl-məqalə əs-səlasun” (“Otuzuncu traktat”) isə Abul-Qasiməz-Zəhravinin ərəb dilində tibbə aid fundamental əsərinin bir cildidir. X-XI əsrlərdə İspaniyada (Kordova) yaşayan təbib ilk müəllifdir ki, cərrahiyyə alətlərinin təsvirini verib, konkret əməliyyatlar zamanı onların tətbiq edilməsi üsullarını-qaydalarını göstərib. Əsər vaxtilə bütün Şərq və Avropa cərrahiyyə elminin inkişafına təsir edib.
   
   Savalan Fərəcov