Mütəxəssislər müxtəlif səbəblər göstərirlər

Azərbaycanda hotellərin sayı getdikcə artır. Paytaxt Bakıda və regionlarda turistlərin yerləşdirilməsində ilk baxışdan heç bir problem görünmür. Amma turistlərlə ünsiyyətdən, özümüzün müşahidələrimizdən, eyni zamanda da mütəxəssislərlə söhbətlərdən sonra belə qənaətə gəlmək olar ki, hotellərimizin əksəriyyətində xidmətin keyfiyyəti qaneedici səviyyədə deyil.

Bu barədə yay turizm mövsümünün başlanması ilə bağlı Mədəniyyət və Turizm, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə dair yekun sənəddə də qeyd olunur: “Əksər obyektlərdə xidmətlərin lazımi səviyyədə olmaması müşahidə olunur. Sahibkarlar mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına maraq və bu istiqamətdə təşəbbüskarlıq göstərmirlər. Hətta nazirlik tərəfindən təşkil olunan treninqlərə də obyekt rəhbərləri laqeyd yanaşırlar”.
Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, “Turizm haqqında” yeni qanun qəbul olunduqdan sonra lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq. Həmin qaydalara görə turizm müəssisələrində ixtisaslı kadrlar üstünlük təşkil edəcək ki, bu da xidmətin keyfiyyətinə müsbət təsir edəcək. Nazir deyib ki, «Turizm haqqında» qanunun hazırlanması artıq tamamlanmaq üzrədir, beynəlxalq təşkilatlar da ona rəy bildiriblər.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi üçün Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirlikləri hər il mehmanxana əməkdaşları üçün birgə təlim-tədris kursları təşkil edir. Kurslar türkiyəli turizm mütəxəssisləri tərəfindən aparılır. Oktyabrın 22-də başlayan builki kurslar «Mehmanxana idarəçiliyi», «Qeyd-qəbul», «Xadiməçilik», «Masa xidmətləri» ixtisasları üzrə aparılır. Azərbaycan Turizm İnstitutunda keçirilən təlim-tədris məşğələləri oktyabrın 31-dək davam edəcək. Kurslara əsasən Bakı şəhərində yerləşən 3-4 ulduzlu mehmanxanaların əməkdaşları cəlb olunub.

Hotel menecerləri işə müsabiqə yolu ilə götürülməlidir

Hotellərdə xidmətin keyfiyyətinin hələ də problem kimi qalmasını bu mövzuda söhbətləşdiyimiz mütəxəssislər bir neçə səbəblə izah etdilər.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hotellərdə xidmət sahəsində mövcud olan problemlərin əsas səbəbini baş menecerlərin öz işini düzgün qura bilməməsində görür: “Təhsil müəssisələrində turizm kadrları hazırlanır. Amma burda bir məsələ var. Əksər hotellərin baş menecerləri təcrid olunmuş halda fəaliyyət göstərir. Onlar mütləq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Turizm İnstitutu, turizm peşə məktəbi və digər qurumlarla sıx əlaqədə işləməlidirlər. Hotel əməkdaşları mütəmadi olaraq bu treninqlərdə iştirak etməlidir».
Mütəxəssis hələ bir neçə il əvvəl hotellərin baş menecerlərinin müsabiqə yolu ilə işə götürülməsi təklifi ilə çıxış etdiyini deyir: “Müsabiqəni də hotel mütəxəssislərindən ibarət komissiya aparmalıdır. Baş menecer bəzən özü öz işini bilmir. Baş menecer həm mütəxəssis kimi bacarıqlı olmalıdır, həm də hotel biznesinin bütün sahələrini, idarəetməni yaxşı bilməlidir. Bundan əlavə, baş menecerlərin bir çoxu xarici ölkə vətəndaşlarıdır, onlar yerli kadrlarla münasibətləri düzgün qura bilmirlər. Bu da xidmətdə özünü göstərir. Mənim fikrimcə, xarici menecerlər şərtlə işə götürülməlidir. Onlar öz işlərini yerli kadrlara da öyrətməlidirlər. Milli kadrlar yetişdirilib hotellərimizdə idarəçiliyə gətirilməlidir. Bunun üçün də turizm qurumlarının və təhsil ocaqlarının rəhbərləri daima bir-biri ilə əlaqədə işləməlidir».
Ölkəmizdə artıq turizm üzrə ali və orta peşə təhsilli mütəxəssis hazırlayan müəssisələr fəaliyyət göstərir. Elə isə hotellərdə kadr problemi niyə həll olunmur?

Problemin həlli məsələyə kompleks yanaşma tələb edir

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bu sahədə kadr çatışmazlığının hələ davam etdiyi qənaətindədir. Onun sözlərinə görə, ATİ-nin indiyə qədər cəmi 725 məzunu olub. Onların içərisində öz ixtisası üzrə işləməyənlər də var: «Tutaq ki, təxminən 500 məzunumuz turizm sahəsində çalışır. Amma bu, kadr problemini həll etmək üçün yetərli deyil. Peşə məktəbi də yeni işə başlayıb. Kadr təminatı məsələsi işin bir tərəfidir. Digər tərəfdən, bir sıra hallarda işə biganə yanaşma var. Bu da xidmətin keyfiyyətinə təsir edir. Bəzi hotellərdə kadrlar işə götürülərkən onların peşəkarlığı yox, kiminsə yaxını, dostu olması önə çəkilir. Bizim tələbələr belə hallarla çox qarşılaşırlar. Hotellərdə bir çox hallarda xidmət prinsiplərindən bixəbər insanlar çalışırlar. Bu da sonda yenə də kadr məsələsinə gətirib çıxarır. Düşünürəm ki, bu problemin həlli üçün müəyyən zaman lazımdır. Bakı Turizm Peşə Məktəbi də buna görə açılıb. Bu məktəbin rayonlarda filiallarının təşkili də nəzərdə tutulub».
Rektorun fikrincə, problemin həlli məsələyə kompleks yanaşma tələb edir: «Əgər Azərbaycan iqtisadiyyatında turizm gəlirlərinin çoxalmasını istəyiriksə, onda ilk növbədə bu sahədə çalışan insanlar bu istiqamətdə düşünməlidir. Bu, eyni zamanda turisti aeroportda qarşılayan taksi sürücüsündən ona mağazalarda suvenir təklif edən satıcıya qədər hər kəsə aiddir. Ölkəyə turist cəlb etmək uzunmuddətli bir strategiyadır. Əgər əcnəbi qonaq gəldiyi ölkədə normal münasibət görəcəksə, gedib tanışına, qohumuna və s. danışacaq və turistlərin sayı da artacaq».

Hotel işçiləri təlim kurslarına məcburi şəkildə göndəriləcək

Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyir ki, qurum bu ildən ölkədə hotellərin işçilərinin təlim kurslarına məcburi şəkildə göndərilməsi məsələsinin hotel rəhbərləri qarşısında qoyulması təklifi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcək. Onun sözlərinə görə, xidmətin təşkili ilə bağlı olan nöqsanların aradan qaldırılması üçün mehmanxana işçiləri təlim kurslarında iştirak etməlidir. Belə təlim kursları nazirlik və AZTA tərəfindən hər il təşkil olunsa da, əksər mehmanxanaların rəhbərliyi buna əhəmiyyət vermir və öz işçilərini bu kurslara göndərmir: «Ancaq biz nazirliyə müraciət edəcəyik ki, bu, növbəti ildən məcburi tələb kimi qoyulsun, hər bir hotel öz işçilərinin ən azı 50 faizini treninqlərə göndərsin. İl ərzində AZTA tərəfindən 30-a yaxın treninq təşkil olunur. Bu treninqləri aparmaq üçün ən yaxşı hotel mütəxəssislərini dəvət edirik. Amma kurslara maraq artmır. Ən yaxşı halda bir qrupda 7-10 nəfər hotel əməkdaşı olur. Lakin hotellərdəki mövcud reallıq hotel menecerlərinin öz əməkdaşlarını treninqlərə göndərməkdə maraqlı olmalarını tələb edir. Dünya praktikasında da belə bir qayda var ki, lisenziya almaq istəyən hotelin işçilərinin mütləq hər hansı treninq kursu bitirməsi haqqında sertifikatı olmalıdır”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar