Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında mövcud olan əməkdaşlığa əsasən oktyabrın 22-də ölkəmizdə fəaliyyət göstərən mehmanxana əməkdaşları üçün növbəti təlim-tədris kursları başlayıb.
Azərbaycan Turizm İnstitutu Təlim Mərkəzinin metodisti Fikriyyə Quliyevadan aldığımız məlumata görə, turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə təşkil edilən kurslar türkiyəli turizm mütəxəssisləri tərəfindən aparılır. Kurslar «İdarəçilərin təlimçi olaraq hazırlanması», «Qeyd-qəbul», «Xadiməçilik» və «Masa xidməti» ixtisasları üzrə Bakı şəhərində fəaliyyət göstərən 3 və 4 ulduzlu mehmanxanalarda çalışan işçilər üçün keçirilir. Budəfəki kurslara 80-dən artıq mehmanxana əməkdaşı cəlb olunub.
Təlim-tədris kursları Azərbaycan Turizm İnstitutunda başlayıb və oktyabrın 31-də yekunlaşacaq. Sonda dinləyicilərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, Türkiyə tərəfindən 2001-ci ildən keçirilən bu təlim proqramlarına indiyə qədər Azərbaycandan 1326 nəfər cəlb olunub. Təlimlər paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verir.
Fəxriyyə Abdullayeva