Milli Kitabxananın dövri mətbuat arxivindən (11)

 

Bu gün Azərbaycan incəsənəti, xüsusilə musiqi sənəti dünyanın müxtəlif ölkələrində uğurla təqdim və təbliğ olunur. İfaçılarımız məşhur səhnələrdə, konsert zallarında rəğbətlə qarşılanır. İllər öncə, Sovet İttifaqı tərkibində olduğumuz dövrdə dünyaya çıxış imkanlarımız indiki kimi geniş deyildi. Amma buna rəğmən Azərbaycan musiqisi, milli rəqs sənətimiz təqdim olunduğu yerlərdə özündən söz etdirməyi bacarırdı. Belə uğurlu qastrol səfərlərindən biri 1988-ci ilin martında Amerika Birləşmiş Ştatlarına olmuşdu.

Mətbuat xronikasından növbəti seçməmiz həmin qastrol barədə SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) müxbirinin hazırladığı və “Kommunist” qəzetində dərc olunan reportajdır. Bu, “soyuq müharibə” zamanında mədəniyyətin xalqlar arasında dialoqa, anlaşmaya necə zəmin yaratdığının da bir göstəricisi idi...

Mətndə dövrün orfoqrafiyası saxlanılıb.

***

 

ABŞ-da Azərbaycan artistlərinin müvəffəqiyyəti

 

Nyu-York 19 mart (SİTA). Sinsinnati şəhərindən (Ohayo ştatı) amerikalı C.Mahsarland Sovet Azərbaycanından bir qrup artistin çıxışını vəcdlə belə qiymətləndirmişdir: “Fantastik, çox gözəl tamaşa”. Azərbaycan SSR xalq artisti Polad Bülbüloğlunun rəhbərliyi altında kiçik bir kollektivin konsertləri Sinsinnatidə açılmış “SSRİ: insan, ailə, cəmiyyət” sərgisinin tərkib hissəsi olmuşdur. Amerika şəhərlərində doqquz aylıq səyahətini davam etdirən bu səyyar ekspozisiya Kanzasa yola düşmüşdür. Azərbaycan artistləri isə Sinsinnatidən Nyu-Yorka gəlmişlər. Onlar burada bir neçə konsert verəcəklər. SİTA-nın müxbiri A.Şktov qrupun rəhbəri ilə görüşmüş və səfər haqqında təəssüratını söyləməyi ondan xahiş etmişdir.

Polad Bülbüloğlu demişdir: Bizim iştirak etdiyimiz sərginin başlıca məqsədi ölkələrimizin xalqları arasında əlaqələrin inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək etməkdir. Buna görə də biz amerikalılarla həvəslə görüşür, əlavə çıxışlar haqqında onların çoxlu xahişinə həmişə əməl edirik. Konsertlər sovet artistlərini dəvət etmiş iri “Proktar and qambl” kimya şirkətinin əməkdaşları, sərgi ilə eyni vaxtda Sinsinnatidə keçirilmiş bütün Ohayo ştatının xarici dillər müəllimlərinin konfransı iştirakçıları üçün xüsusilə uğurlu keçmişdir. Bu müəllimlər arasında rus filologiyası üzrə mütəxəssislər də olmuşlar.

Ekspozisiya çərçivəsində konsert proqramını bütünlüklə yerinə yetirmək və əlavə sifarişləri ödəmək üçün biz bəzən gündə dörd dəfə çıxış etməli olurduq. Lakin bu, müvafiq səmərə də verirdi. Sərgi müdiriyyətinin bildirdiyinə görə, məhz konsertlər başlayana yaxın tamaşaçı daha çox toplaşırdı. Rəylər kitabında bir dənə də olsun mənfi rəy yox idi, amma incəsənətimiz, ölkəmiz barəsində çoxlu səmimi söz var idi.

Rəyləri birlikdə nəzərdən keçiririk.

Karall Fray yazır: “Bu çox gözəldir ki, siz ölkəmizə gəlmiş və şəhərimizə gözəl və yaxşı tərtib olunmuş sərgi gətirmişsiniz. Ümidvarıq ki, bir zaman sizin çox böyük və gözəl ölkənizə gələcəyik”.

Rot Kirbi belə hesab edir: “Biz iki böyük xalqımız arasında daha yaxşı anlaşmaya və etimada kömək göstərmək üçün bu cür mədəni proqramlar mübadiləsini daha çox keçirməliyik”.

C.Qrikin fikrincə, “insanlar arasında anlaşma dil anlaşmasından daha vacibdir. Gələcəkdə bir-birimizə daha yaxın olmağa çalışmalıyıq”.

Co Prossman yazır: “Zənnimcə, folklor musiqisi və rəqsləri sərginin tamaşaçılarına ən çox zövq vermişdir”.

Culi Lilinll artistlərə və bütün sovet adamlarına sülh, ümidlər və səadət arzulayır.

Amerikalılar, demək olar, hər konsertdən sonra xalq musiqisi alətlərinə böyük maraq göstərirdilər. Musiqi alətlərinə daha yaxşı baxmaq və hətta onlara toxunmaq üçün bizə yaxınlaşır, bu alətlərin adlarını soruşurdular. Xalq çalğı alətləri ansamblının tərkibinə tar, kamança, nağara, Azərbaycan qarmonu və klarneti daxildir. Beş musiqiçinin hamısı əsl virtuozdur. Onların hər biri nəinki müşayiət edir, həm də solo hissəsini çalır. Rəqqaslar Azərbaycan Dövlət rəqs ansamblının solistləridir. Onlardan üç nəfəri respublikanın əməkdar artisti kimi yüksək ad daşıyır. SSRİ xalq artisti Zeynəb Xanlarovanın çıxışları böyük müvəffəqiyyətlə keçmişdir. P.Bülbüloğlunun çıxışları daim “proqramın zirvəsinə” çevrilirdi. Bunu yəqin etmək üçün yerli qəzetlərdə konsertlər haqqında reklam elanlarına baxmaq kifayətdir.

“Kommunist” qəzeti, 20 mart 1988-ci il