Maskın şirkəti xüsusi implant hazırlayır...

 

Amerikalı milyarder İlon Maskın “Neuralink” neyrotexnologiya şirkəti görmə qabiliyyətini bərpa edən xüsusi implant hazırlayır.

“Blindsight” adlı implant barədə iş adamı özünün sosial şəbəkə səhifəsində məlumat verib. Bu, “Neuralink” şirkətinin “Telepatiya”dan sonra növbəti məhsuludur.

“Telepatiya” proqramı üzrə hazırlanan mikroçiplər fiziki hərəkət imkanından tamamilə (o cümlədən anadangəlmə) məhrum olan insanlar üçün nəzərdə tutulub. Artıq insan beynində ilk sınağı keçirilən mikroçip daşıyıcısının kompüterdən istifadə etməsi mümkün olacaq. Başqa sözlə, əllərini tərpədə bilməyən insan kompüteri düşüncə gücü ilə idarə edəcək. İmplant qoyulan ilk xəstə artıq kompüterdə şahmat oynaya bilir.

“Blindsight” implantının isə anadangəlmə gün işığından məhrum olanlara belə bu imkanı yarada biləcəyi bildirilir. “Hətta insan kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq”, – deyə İlon Mask bildirib.

“Blindsight” beyin implantının artıq meymunlar üzərində sınaqdan keçirildiyini bildirən Mask qeyd edib ki, təsvirin keyfiyyəti ilkin mərhələdə ilk “Nintendo” konsollarında olduğu kimi aşağı ola bilər, lakin zaman keçdikcə keyfiyyət normal görmə keyfiyyətinə çatdırıla bilər.

Qeyd edək ki, “Neuralink” startapı Mask tərəfindən 2016-cı ildə yaradılıb. Şirkət insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır.