8 ay ərzində 600 məkanda 6 min tədbir keçiriləcək

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildə əsası qoyulan və qısa müddətdə ölkənin zəngin mədəni irsini, incəsənətini, tarixi məkanlarını, bölgədən-bölgəyə özünəməxsus kulinariyasını və s. əhatə edən ən böyük layihəyə çevrilən Mədəniyyət Yolu Festivalı bu il dördüncü dəfə keçiriləcək. İlk dəfə İstanbulda Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başlayan, 2022-ci ildə beş, 2023-də isə on şəhərdə gerçəkləşən “Mədəniyyət Yolu”nun bu il hədəfi daha genişdir.

Mədəniyyət və turizm naziri Mehmet Ersoy martın 25-də İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində keçirilən təqdimatda layihənin 2024-cü il təqvimini açıqlayıb.

Nazir bildirib ki, Türkiyənin ən böyük və zəngin brend layihələrindən biri olan Mədəniyyət Yolu Festivalı ötən üç ildə böyüməyə davam edərək müvəffəqiyyət hekayəsi yazıb. 2023-cü ildə festivalın Avropa Festivallar Birliyinə üzv qəbul edildiyini də diqqətə çatdıran Mehmet Ersoy bu il “Mədəniyyət Yolu”nun Türkiyənin 7 bölgəsindəki 16 şəhərdən keçəcəyini vurğulayıb.

“2021-ci ildə 2 min sənətçi ilə başladığımız festivala keçən dövr ərzində Türkiyədən və dünyadan fərqli sənətçi və sənət qurumlarını daxil etdik. 2023-cü ilə qədər festivala qatılan sənətçilərin sayı 34 minə çatdı. Bu il isə hədəfimiz 40 min sənətçidir”, – deyə o bildirib.

Nazir festival məkanlarının və tədbirlər sayının da ildən-ilə artdığını vurğulayaraq, 2024-cü ildə ümumilikdə 600 məkanda 6 minə yaxın tədbir planlaşdırdıqlarını deyib. Qeyd edək ki, 2023-cü ildə festival çərçivəsində 5 min tədbir gerçəkləşmişdi.

 

Festival 13 apreldə Adanada başlayacaq

 

Nazir bildirib ki, bu il 8 ay davam edəcək Mədəniyyət Yolu Festivalının proqramı 13-21 aprel tarixlərində Adanada Portağal Çiçəyi Karnavalı ilə başlayacaq.

Festivalın marşrutu daha sonra 25 may – 2 iyun tarixlərində Şanlıurfa, 1–9 iyunda Bursa, 8-16 iyunda Samsun, 22-30 iyunda Trabzon, 29 iyun – 7 iyul tarixlərində Van, 3–11 avqustda Nevşehir, 17–25 avqustda Ərzurum, 31 avqust – 8 sentyabr tarixlərində isə Çanaqqaladan keçəcək.

Qaziantep Beynəlxalq Qastronomiya Festivalının (GastroAntep) da daxil olduğu Qaziantep Mədəniyyət Yolu Festivalı 14–22 sentyabr tarixlərində keçiriləcək. Ardınca “Mədəniyyət Yolu” 21–29 sentyabrda paytaxt Ankarada və eyni tarixdə Konyada davam edəcək. Ənənəvi Konya Mistik Musiqi Festivalı, ötən il olduğu kimi, yenə Mədəniyyət Yolu Festivalının proqramına daxil ediləcək.

İstanbul Mədəniyyət Yolu Festivalının bu il 28 sentyabr – 6 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. “Mədəniyyət Yolu” daha sonra 12–20 oktyabrda Diyarbəkirdə, 26 oktyabr – 3 noyabr tarixlərində İzmirdə davam edəcək, 2-10 noyabrda isə Antalyada başa çatacaq.

Mehmet Ersoy onu da diqqətə çatdırıb ki, bu il Mədəniyyət Yolu Festivalının proqramında bir çox yeniliklər nəzərdə tutulub. Dünyaca məşhur rəssam Pablo Pikassonun vəfatının 50-ci ildönümü ilə əlaqədar onun 80-dən çox orijinal əsərinin yer aldığı sərgi festival çərçivəsində 3 ay müddətində müxtəlif şəhərlərdə sənətsevərlərə təqdim ediləcək. Bununla yanaşı, Sebastiao Salqado, Frida Kahlo, eləcə də Güvenç Özəl, Refik Anadol  kimi rəssamların əsərləri sərgilənəcək.

Süni intellekt alqoritmi ilə hazırlanan “Atatürk Mədəniyyət Yolunda” adlı rəqəmsal tətbiq də builki festivalın yeniliklərindəndir. “Atatürk bu gün sağ olsaydı, festivalın hansı məkanlarında şəkilləri çəkilərdi” sualına cavab verən rəqəmsal sərgi açılacaq.

Mədəniyyət və turizm naziri bu il festivala qatılacaq əcnəbi sənətçi və qrupların da sırasının geniş olacağını deyib: “Beynəlxalq əlaqələr və səfirliklərimizlə apardığımız danışıqlar nəticəsində həm vizual sənət, həm də ifaçılıq sənəti sahəsində Avropa, Latın Amerikası, Asiya və Afrika ölkələri ilə əməkdaşlıq edirik. Bu il Mədəniyyət Yolu Festivalında Berlin Simfonik Orkestri, Estoniya Orkestri və Xoru, Çin Səhnə Performansları kimi bir çox sürpriz kollektiv və orkestrləri səhnələrimizdə qonaq edəcəyik...”.

Qeyd edək ki, 2024-cü il Türkiyə Mədəniyyət Yolu Festivalının zəngin proqramı ilə layihənin internet saytında (kulturyolufestivali.com) ətraflı tanış olmaq olar.

V.Kamal