Ölkəmizdə bu sahə üzrə geniş baza yaradılır

Ötən həftə Bakıda «Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu» mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə mütəxəssislər Azərbaycanda dağ turizmi növlərinin inkişaf perspektivləri haqqında da müxtəlif fikirlər səsləndirdilər. Mövzunun aktuallığını nəzərə alıb bu barədə müəyyən araşdırma apardıq.

Qeyd edək ki, XX əsrin sonlarından etibarən inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişiklikləri baş verib. Zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verirlər ki, nəticədə də turizm idmanın ayrı-ayrı növlərini (ekstremal) özündə birləşdirir. Ekstremal turizmin inkişafı da bu idman növlərinin tarixi ilə sıx bağlıdır. Ekstremal turizmdə müəyyən risk və təhlükələr olsa da, bu, nəticə etibarilə əsrarəngiz bir istirahət deməkdir.

Dünya turizm bazarının 10 faizi ekstremal turizmin payına düşür

Turizm üzrə mütəxəssis, Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalovun sözlərinə görə, bu gün dünya turizm bazarının 10%-i ekstremal turizmin payına düşür: “Ekstremal turizmin dağ növlərinə alpinizm, speleoturizm, buzadırmanma və qayayadırmanma, dağ velosipedində hərəkət, dağ xizəkçiliyi və snoubordinq aiddir. Dağ xizəkçiliyi daha çox təbii şəraitdən asılıdır. Bu turizm istiqamətinin inkişafı üçün ilin 4-5 ayında qalın qar örtüyünün olması vacib şərtdir. Ərazinin hündürlüyü və relyef xüsusiyyətləri, dağ xizəkçilik dövrünün hava şəraiti, landşaftın müxtəlifliyi, uçqun və sel təhlükəsinin olmaması və s. dağ-xizəkçilik istirahətinə cazibədarlıq verən amillərdir”.
Dağ xizəkçilik kurortlarının üzləşdiyi əsas problemlərdən biri onların mövsümi fəaliyyət göstərməsidir: “Mövsümilik problemini aradan qaldırmaq üçün bu istirahət mərkəzləri müxtəlif metodlardan istifadə edirlər. Bu sıraya qar örtüyünün bərkidilməsi, müxtəlif kimyəvi qarışıqlardan istifadə, süni qar yağdırma sisteminin yaradılması daxildir. Süni qar yağdırma maşınlarından indi bütün qış turizm mərkəzlərində istifadə olunur. İsveçrə kurortlarının təxminən 10 faizi süni qar örtüyünə keçib. Avstriya və İtaliyada kurortların təxminən 40%-i süni qardan istifadə edir. Süni qar örtüyü ilə yanaşı, digər bir metod qarın başqa yerlərdən gətirilməsidir. Məsələn, Danimarkanın kurortları qarı Norveçin dağlıq rayonlarından bərə vasitəsilə gətirir”.
Mütəxəssis deyir ki, Azərbaycan ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Bu sahədə Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (200 m) aşkar olunub. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15-20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var. Müxtəlif çətinlik dərəcəsinə malik marşrutlar tapmaq olar. Bu yerlər nəinki məşqlər üçün, həmçinin beynəlxalq yarışlar da daxil olmaqla, boulderinq yarışları üçün çox əlverişli məkandır. Ümumilikdə Böyük Qafqaz dağlarının alpinizm, Qobustan qayalarının isə qayayadırmanma idman növünün inkişafı üçün geniş imkanları var».
Bundan əlavə, qışda Qusar rayonunda yerləşən dağ şəlalələri böyük buz sırsıralarına çevrilir ki, bu da buzadırmanma ilə məşğul olmaq üçün imkan deməkdir. Bu turizm-idman növü üçün ən əlverişli şəlalələr Qusar rayonunun Ləzə kəndi yaxınlığında yüksək dağlıq (1700 m) ərazilərdə yerləşir. Şahdağ massivinin ətəyində yerləşən və 3000 m hündürlükdə olan şəlalələr də maraqlıdır. Buzadırmananlar üçün məşğələlər və yarışlar əsasən həmin yerlərdə keçirilir.

Dağlıq ərazilərdə müvafiq infrastruktur yaradılması əsas şərtdir

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov dövlət tərəfindən Şahdağda inşa edilən qış-yay turizm kompleksinin bu sahənin inkişafı üçün mühüm imkanlar yaradacağını deyir. Bu, 10 min nəfəri qəbul edə biləcək bir kompleks olacaq: “Bölgəyə daha çox turistin cəlb edilməsi üçün mühüm amillərdən biri dağ turizmindən istifadə imkanlarının yaradılmasıdır. Bu gün kompleksdə bəzi xidmətlər göstərilir. Amma bu xidmətlər hələ yetərli deyil. Çünki ekstremal turizmdə təhlükəsizlik üçün bütün tədbirlərin görülməsi çox vacibdir. Bundan başqa, bildiyiniz kimi, Qəbələdə də belə bir xizək kompleksi yaradılır. Həm Qəbələ, həm də Qusarda olan infrastruktur bizə imkan verəcək ki, Azərbaycanda ekstremal dağ turizmini yüksək səviyyədə, müasir standartlara cavab verəcək formada inkişaf etdirək. Bu işdə həm dövlətin, həm də özəl sektorun iştirakı çox vacibdir. Turistlərin təhlükəsizliyini təmin etmək üçün xüsusi təlimatçılar yetişdirilməli, onların peşə hazırlıq səviyyəsi artırılmalıdır. Bununla bağlı müəyyən texniki vasitələrin alınması, onların düzgün istifadəsi və s. həlli vacib məsələlərdir. Bütün bunlar öz yerini tapdıqdan sonra biz deyə bilərik ki, Azərbaycanda ekstremal turizm lazımi səviyyədədir».
Nazirlik təmsilçisi ölkənin digər bölgələrində, o cümlədən Gədəbəydə, Qazaxda, Şəmkirdə, Göygöl ətrafında, Naxçıvanda dağ turizminin inkişafı üçün şərait mövcud olduğunu söylədi. Onun fikrincə, bu təbii imkanlardan istifadə etmək üçün həmin ərazilərdə müvafiq infrastruktur yaradılması əsas şərtdir.

Şahdağ kompleksinin geniş imkanları

«Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyevin sözlərinə görə, sektor təmsilçilərinin bugünkü hədəflərindən biri ölkəmizdə turizm günlərinin sayını artırmaq, turizmi mövsümilikdən çıxarmaqdır: «Həm qış, həm yay və həm də alternativ turizm növlərinin inkişaf etdirilməsi prioritet istiqamətdir. Azərbaycanda bəzən hər hansı turizm növləri üzrə başqa ölkələrlə müqayisəyə girməkdənsə, inkişaf imkanları böyük olan dağçılıq, macəra, alpinizm, trepinq piyada marşrutlarını, horsinq at marşrutlarını və s. daha mütəşəkkil şəkildə, elmi yanaşmalarla təqdim edə bilərik. Azərbaycana turist cəlb edən zaman biz müəyyən etməliyik ki, onlara məhz hansı ölkələrə uyğun marşrutlar təklif edilməlidir. Bu gün artıq ehtiyac yaranıb ki, ölkəmizdə turizm xidmətləri bazarında bir markalaşdırma siyasəti həyata keçirək».
Şirkət rəhbərinin bildirdiyinə görə, ölkəmizdə dağ-xizək kurortlarına maraq böyükdür. Ötən il Şahdağ kompleksinin ilk mərhələsinin açılışından sonra turizm şirkətləri bu məkana turlar təşkil edib: «Çox böyük bir axın oldu. Nəzərə alsaq ki, bu kompleks eyni zamanda xarici bazar üçün turizm məhsuludur, onda bu istiqamətdə çeşidli proqramların işlənib hazırlanmasına ehtiyac var. Şahdağ kompleksi postsovet məkanında və Şərqi Avropada bənzəri olmayan bir layihədir və ona çox böyük maraq var. Burada mərhələli şəkildə yataq yerlərinin sayı 10 minə çatdırıldıqdan sonra təsəvvür edin ki, müxtəlif ölkələrdən nə qədər turist cəlb etmək mümkün olacaq».

Dağ turizmi üzrə yay və qış marşrutları hazırlanıb

Məsələyə münasibət bildirən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Sarvan Rəsulovun sözlərinə görə, dağ turizmi ölkəmizdə bütün beynəlxalq standartlara uyğun olaraq təzə formalaşmağa başlayıb. Vaxtilə dağlıq ərazilər turizm nöqteyi-nəzərindən diqqətdən kənarda qalıb. Amma indi milli parklar formalaşıb, dağlara səfərlər, turist gəzintiləri təşkil etmək olar.
Federasiyanın dağlardakı zirvələrə idman yürüşləri təşkil etdiyini deyən həmsöhbətim bildirdi ki, burada müxtəlif amillər, ilk növbədə də yürüş edən insanların təhlükəsizliyi təmin edilməlidir: «Biz mövsümə uyğun olaraq marşrutlar işləyib hazırlayırıq. Dağçılıq idmanı bütün dünyada, o cümlədən də Azərbaycanda populyarlıq qazanır. Artıq ölkəmizin müxtəlif bölgələrində bu idman növü üzrə 50-dən yuxarı klub fəaliyyət göstərir, idmançılarımızın sayı isə təxminən 5 minə yaxındır. Beynəlxalq təcrübəyə əsaslanaraq dağ turizmi üzrə öz qaydalarımızı hazırlamışıq. Dağ idmanı üzrə təcrübəli bələdçilərimiz yetişib. Deməli, dağ turizmi ilə məşğul olmaq üçün baza yaranır. Turizm şirkətləri tərəfindən dağ turizm marşrutlarından istifadə üçün bizə müraciətlər edilir. Bu istiqamətdə yeni qaydalar işlənir, hazır olandan sonra belə müraciətləri lazımi səviyyədə dəyərləndirəcəyik».
Federasiya rəsmisi dedi ki, Böyük Qafqazda, əsasən də Şahdağ silsiləsində dağ turizmi üzrə yay və qış marşrutları hazırlanıb. Bu marşrutların üzərində daldalanacaq yerləri, düşərgələr salınması üçün yerlər müəyyənləşdirilib, eyni zamanda təhlükəsizliklə bağlı müxtəlif işlər aparılır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar