XIX əsrin ikinci yarısından təşəkkül tapan uşaq ədəbiyyatının sistemli şəkildə inkişafı üçün S.Ə.Şirvani, F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, A.Şaiq, M.Seyidzadə, Ə.Cəmil, M.Dilbazi, X.Əlibəyli və başqaları yorulmadan yazıb-yaradıblar. Sələflərinin yaradıcılıq ənənələrini uğurla davam etdirən görkəmli şairlərimizdən Dövlət mükafatı laureatı, publisist, tərcüməçi Teymur Elçindir. Bu il ədibin anadan olmasının 100 illiyidir. 

Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 28 mart 1924-cü ildə Şuşa şəhərində anadan olub. Uşaq ikən ailələri Bakıya köçür. O, paytaxtdakı 132 nömrəli orta məktəbdə oxuyur. 1941-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə qəbul olunur. Tələbə ikən Azərbaycan Radiosunda ştatdankənar müxbir və diktor işləyir. 1943–1945-ci illərdə II Dünya müharibəsində iştirak edir. Cəbhədən qayıtdıqdan sonra ali təhsilini davam etdirir və 1948-ci ildə universiteti bitirir.

Teymur Elçin ədəbi yaradıcılıqla bərabər bir çox məsul vəzifələrdə, o cümlədən  respublika komsomol komitəsində çalışıb, 1957–1964-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri, 1975–1988-ci illərdə respublika mədəniyyət nazirinin müavini olub. Beş çağırış Ali Sovetin deputatı seçilib. O, teleradio komitəsinə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşıb, eyni zamanda gənclərə qayğı göstərib.

Teymur Elçinin “İspaniya qəhrəmanlarına” adlı ilk şeiri 1938-ci ildə mətbuatda dərc olunub. Ümumilikdə 15-ə yaxın şeir kitabı işıq üzü görən şairin əsərləri keçmiş ittifaq respublikalarında çap edilib. Şair tərcümə ilə də məşğul olub. İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko və başqalarının əsərləri Azərbaycan oxucularına Teymur Elçinin tərcüməsində çatdırılıb...

Yaradıcılığında uşaq dünyasına da xitab edən şair bir-birindən dəyərli əsərlər qələmə alıb. Müəllifin “Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr” və s. əsərləri uşaqların marağını cəlb edib.

Onun şeirlərində Azərbaycan dilinin məna çalarları ustalıqla ifadə olunur, misralar ahəngdar şəkildə bir-biri ilə uzlaşır. “Gəl, bahar” şeirində yazır:

Gəl, bahar,
Çətir-çətir,
Güllər gətir,
Otaqlara
Dolsun ətir.

“Mən kiməm?” şeirində isə müəllif incə bir vasitə ilə uşaqlara peşə və sənətləri sevdirir:

Bilirsiniz mən kiməm?
Balaca bir həkiməm.
Trubkanı qulağıma
Bax beləcə taxaram.
Xəstələrə bax beləcə,
Bax beləcə baxaram.

Mən balaca bağbanam,
Siz tanıyan bağdanam.
Ağacları cərgə-cərgə,
Bax beləcə əkərəm.
Suyunu mən bax beləcə,
Bax beləcə tökərəm…

Teymur Elçinin yaradıcılığında diqqətçəkən yanıltmaclar da çoxdur. Şeirlərində bir-birinə yaxın və oxşar sözlərin təkrarı maraqlı ahəngdarlıq yaradır. Uşaqlar həmin şeirləri oxuduqca cazibəsindən çıxa bilmir.

Şair şeirlərində həm də çox böyük ustalıqla uşaqları dərin məhəbbətlə sevən, onların qayğısına qalan böyüklərin bədii obrazını yaradıb. Bu əsərlərdə eyni zamanda Vətənə məhəbbət motivləri də maraq doğurur. “Anamın laylası” da bu silsilədəndir:

Layla dedim balama,
İl keçə, ay dolana.
Balam gedə yuxuya,
Başına Ay dolana.

Ədəbiyyatşünas-alim Zahid Xəlil “Söz adamı” məqaləsində yazır: “Teymur Elçin bir söz sərrafı kimi əsərlərində kəlmələri zərgər dəqiqliyi ilə seçir. Xalqın dilindən eşitdiyi sözləri ustalıqla oxucusuna öyrədirdi”.

Şair yaradıcılığında sözə məsuliyyətlə yanaşıb. Fikri zərgər dəqiqliyi ilə cilalayaraq yeni sözlər yaradıb. Zəngin yaradıcılıq yolu keçən şairin şeirlərinin hər birinin ahəngində öyrətmək missiyası duyulur. “Kirpinin laylası”, “Turacın laylası”, “Siçan balası” kimi şeirlərində uşaq aləminin min bir məqamı diqqətə çatdırılır.

Görkəmli şairin əsərləri uşaqların könlünü oxşadığı kimi, musiqiyə də yatımlıdır. Onun neçə-neçə şeirinə mahnılar bəstələnib. O, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlarla birlikdə çalışıb. Fikrət Əmirovla şairi çox yaxın yaradıcılıq əlaqələri birləşdirib. “Göygöl”, “Toy mahnısı”, “De görüm, neyləmişəm?”, “Gülür ellər” və s. kimi məşhur mahnılar bu uğurlu əməkdaşlığın bəhrəsidir.

Şair mənzum pyeslər də qələmə alıb. Əsərləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.

Ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən şair bir sıra təltiflərə layiq görülüb. “Qarabağ şikəstəsi” oratoriyasına görə bəstəkar Vasif Adıgözəlovla birgə 1990-cı ildə respublikanın Dövlət mükafatını alıb.

Əsərləri bu gün də uşaqlar tərəfindən sevilən Teymur Elçin 14 mart 1992-ci ildə vəfat edib.

Savalan Fərəcov