Tariximizin şanlı səhifəsi olan 44 günlük II Qarabağ müharibəsi Vətən övladlarının mərdliyinin, cəsarətinin, yurd sevgisinin miqyasını dünyaya nümayiş etdirdi. Dostlar sevindi, düşmənlər xar oldu.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimiz haqqında oxuculara məlumat verməyə davam edirik. Bu dəfə şəhid Vüqar Zamanov haqqında söz açacağıq.

Vüqar İsmayıl oğlu Zamanov 1995-ci il martın 10-da Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Horadiz şəhər Firudin Mehdiyev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə işləyib, idmanın ağır atletika növü ilə məşğul olub.

Qəlbi Vətən eşqi ilə döyünən, doğma yurdun düşmən işğalında qalması ilə barışa bilməyən Vüqar hərbçi olmağa qərar verir. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirir.

2020-ci ilin 27 sentyabrı. Müasir tariximizin dönüş anı. Torpaqlarımız 30 ilə yaxın idi düşmən işğalındaydı. Tarixi yurd yerlərimiz həqiqi sahiblərinin yolunu gözləyirdi. Yağı düşməndən qisas alaraq doğma torpaqlarımızı azad etmək məqamı yetişmişdi. Bu şərəfli vəzifəni yerinə yetirənlər arasında Vüqar da var idi...

Vüqar Zamanov Vətən müharibəsinin ilk günündən qanlı döyüşlərdə iştirak edir. Döyüş yolu Şuşaya qədər davam edir, səngər yoldaşları ilə verilən tapşırıqların öhdəsindən layiqincə gəlir, düşmənə divan tuturlar. Noyabrın 5-də Şuşanın Daşaltı kəndi istiqamətindəki döyüşlər Vüqarın ömrünü də, qala-şəhərimizə ayaq basa bilmək, “Şuşa fatehi” ünvanını almaq ümidlərini yarıda qoyur. Həmin gün qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Doğulduğu Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılır.

Şəhidin anası Lətifə Zamanovanın sözlərinə görə, Vüqar uşaqlıqdan çox zəhmətkeş olub: “Orta məktəbin VI sinfinə qədər əla qiymətlərlə təhsil alıb. Sonra idmana həvəs göstərməyə başladı. Vətən borcunu ödədikdən sonra yenidən hərbiyə qayıtmaq arzusunda idi. Bir neçə il mülki işlərdə işləməsinə baxmayaraq, öz istəyilə yenidən şanlı hərbçi formasını geyindi”.

Lətifə xanım oğlu ilə sonuncu dəfə oktyabrın 28-də əlaqə saxladıqlarını deyib: “Həmin gündən sonra Vüqarla əlaqəmiz kəsildi. Noyabrın 5-də şəhid xəbərini aldıq. Vüqarın şəhid olmağı atasına çox pis təsir etdi. Atası Vüqarın şəhadətindən sonra heç bir il yaşamadı. 2021-ci ilin avqustun 24-də vəfat etdi. Bilirsiniz, mənim üçün danışmaq çox çətindir. Bir il içində həm oğul, həm də həyat yoldaşımın acısını daddım. Tək təsəllim odur ki, Vüqarın qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz torpaqlarımızı düşməndən azad etməklə bütün şəhidlərimizin qisasını aldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, Vüqar Zamanov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

Ruhu şad olsun.

Nurəddin