Layihə bu dəfə Cabbar Qaryağdıoğluna həsr olunub

 

Xəbər verdiyimiz kimi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası martın 27-dən 29-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

Üçüncü dəfə keçirilən layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlunun (1861–1944) xatirəsinə həsr olunub.

Layihənin ilk günü Gəncə şəhəri, Samux və Goranboy rayonlarında fəaliyyət göstərən bir sıra uşaq musiqi və incəsənət məktəbləri müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Həmçinin Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə Ağdaşdakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay və Yevlaxdakı musiqi məktəbləri, Yevlax şəhər Mədəniyyət Mərkəzi, Göyçay rayon Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri muğam və təsniflər, xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Xatırladaq ki, “Xalqın mədəni sərvəti” layihəsi üzrə yanvarın 8-dən 14-dək keçirilən tədbirlər Fikrət Əmirova, fevralın 14-dən 16-dək təşkil olunan tədbirlər isə Qara Qarayevə həsr edilib.