Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS, Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Quba rayon komitəsi və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”dür adlı elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Quba Soyqırımı Memorial Kompleksindəki kütləvi məzarlıq ziyarət edilib.
Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qaldığını diqqətə çatdırıb.
MKS-nin direktoru Saməddin Nəsirov, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı və MİHİ Quba rayon komitəsinin sədri Məhərrəm Hacıyev 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələrinin Bakı, Şamaxı, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə on minlərlə azərbaycanlını qətlə yetirilməsi, yurd-yuvasından didərgin salınması barədə danışıblar. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib.
Tədbir çərçivəsində Quba Soyqırımı Memorial Kompleksində yerləşən muzeyə ekskursiya təşkil olunub.