Ölkəmiz Dünya Sağlamlıq Turizmi Şurasının təsisçilərindən biridir
Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi (AHTTSA) və Türkiyə Sağlamlıq Turizmi İnkişaf Şurasının təşkilatçılığı ilə konfrans keçirildi. Tədbirin məqsədi iki ölkə arasında sağlamlıq turizminin imkanlarını daha geniş auditoriyada tanıtmaq, bu sahədə birgə fəaliyyətə zəmin yaratmaq idi.
Yeni yaradılmış Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev açılış nitqində tədbirin əhəmiyyətini vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycanın kurort potensialının böyük olduğunu qeyd etdi, daxili turizmin inkişafında, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində müvafiq dövlət proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. Nazirlik nümayəndəsi ölkəmizdəki müalicəvi kurort zonalarının xarici ölkələrdə də tanıdılmasının zəruriliyini vurğuladı, bu işdə Azərbaycana dəstək olan Türkiyə təmsilçilərinə minnətdarlığını dilə gətirdi. Qeyd olundu ki, ölkəmizdə vaxtilə məşhur olmuş müalicəvi sanatoriya və kurortların potensialından daha səmərəli istifadə üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Həmin müalicəvi məkanların imkanlarından həm öz vətəndaşlarımız yararlanmalı, həm də onlara xarici ölkələrdən turist cəlb edilməlidir.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransın işinə uğurlar arzuladı.
Afyon Kocatepe Universitetinin (AKU) rektoru Mustafa Solak Türkiyədəki müalicəvi turizm obyektlərinin fəaliyyətindən söz açaraq bildirdi ki, həmin şəfalı məkanlarda turistlərin qalması üçün yüksək səviyyədə hotellər xidmət göstərir. Bakıda keçirilən 19-cu Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində ölkəmizə növbəti səfərə gəldiyini deyən qonaq ötən müddət ərzində Talassemiya Mərkəzi, Azərbaycan Dövlət Tibb Universiteti, Mərkəzi Klinik Xəstəxana ilə əlaqələr qurulduğunu qeyd etdi. Türkiyənin bir çox ali təhsil ocaqları ilə yanaşı, Afyon Kocatepe Universitetində də azərbaycanlı tələbələrin təhsil aldığını bildirdi.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmed Arslan isə qeyd etdi ki, turizm hər bir ölkənin nə qədər potensiala malik olmasını göstərir: «Bu baxımdan Azərbaycan da mühüm potensiala, o cümlədən istisu imkanlarına malikdir və bundan yararlanmaq lazımdır. Masallı, Lənkəran bölgələrində istisuyun istifadəsiz qalması doğru deyil».
Türkiyə Sağlamlıq Turizmi İnkişaf Şurasının rəhbəri Emin Çakmak Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin qurulmasının əhəmiyyətli hadisə olduğunu dedi. Bildirdi ki, 2013-cü ilin martında Monakoda təşkil olunan tədbirdə 38 ölkənin iştirakı ilə «Global Healthcare Travel Council» - Dünya Sağlamlıq Turizmi Şurası qurulub. Azərbaycan da bu qurumun təsisçilərindən biridir. Son 10 ildə Azərbaycanın beynəlxalq turizm sərgilərində güclü şəkildə təmsil olunduğunu deyən E.Çakmakın fikrincə, sağlamlıq turizmi sahəsində iki ölkə arasında əlaqələrin qurulmasına ehtiyac var.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev ölkəmizdə sağlamlıq turizminin perspektivlərindən danışdı. Qeyd etdi ki, Azərbaycandakı təbii müalicəvi mənbələrin XIX əsrin əvvəllərindən araşdırılmasına baxmayaraq, hələ bir neçə onilliklər öncə uzaq yerlərdən buraya şəfa tapmaq arzusu ilə gələn insanlar vardı. 1920-ci ilə qədər bu təbii sərvətlərdən geniş miqyasda istifadə olunmurdu. Sonrakı illərdə bu təbii sərvətlər planlı şəkildə öyrənilməyə başladı. Bir sıra müalicəvi məkanlarda sanatoriya və istirahət evlərinin tikintisi başlandı.
Tibbi turizmin digər turizm növlərindən fərqli olaraq mövsümi xarakter daşımadığını deyən R.Quliyev əlavə etdi ki, son illərdə sağlamlıq turizmi sahəsində aparılan islahatlar bu sahəyə olan marağın artmasına səbəb olub. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan «Azərbaycanda kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı» bu sahənin inkişafına zəmin yaradır. Proqramın əsas məqsədi Azərbaycanda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.
R.Quliyev yeni təsis etdikləri ictimai birliyin gələcək fəaliyyətindən söz açaraq dedi ki, Azərbaycanın kurort imkanlarının tanıdılması məqsədilə həmin kurortların vahid məlumat bazası yaradılacaq. O, müalicəvi turizm obyektlərinin xarici turist cəlb etmək imkanlarının genişləndirilməsi istiqamətində qardaş ölkənin təcrübəsindən bəhrələnməsinin vacibliyini qeyd etdi və bu işdə onlara göstərilən dəstəyə görə Türkiyə Sağlamlıq Turizmi İnkişaf Şurasının rəhbərliyinə minnətdarlığını bildirdi: «İlin bütün günlərində insanlar şəfa tapmaq üçün müalicəvi turizm obyektlərinə üz tuturlar. Ona görə də turizmin bu sahəsi daha rentabelli sayılır. Biz də çalışmalıyıq ki, Azərbaycanın müalicəvi kurortları yalnız ölkəmizin vətəndaşlarını deyil, xarici turistləri də cəlb etsin”.
Konfransın sonunda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə Türkiyə Sağlamlıq Turizmi İnkişaf Şurası arasında əməkdaşlıq memorandumu imzalandı.
Fəxriyyə Abdullayeva