Martın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə konsert keçirilib.

“Dədə Ələsgər işığında saz-söz axşamı” adlı konsert böyük saz-söz ustadı Aşıq Ələsgərin (1821–1926) anadan olmasının 203-cü ildönümü münasibətilə gerçəkləşib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra “Dədə Ələsgər Ocağı” İB-nin sədri Xətai Ələsgərli, Azərbaycan Tibb Universiteti Epidemiologiya və biostatistika kafedrasının müdiri tibb elmləri doktoru, professor İbadulla Ağayev çıxış ediblər. Qeyd olunub ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb.

Bildirilib ki, 2021-ci ildə dövlət başçısının sərəncamı ilə Aşıq Ələsgərin 200 illiyi geniş şəkildə qeyd olunub. Yubiley münasibətilə ustad aşığın zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği istiqamətində böyük işlər görülüb.

Tədbirdə bir sıra şəxslərə “Dədə Ələsgər Ocağı” İB-nin “Aşıq Ələsgər – 200” yubiley medalı təqdim olunub.

Gecədə incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Lalə