Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elm Günü münasibətilə tədbir keçirilib.

AMEA-dan bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Xalq rəssamı, akademik Ömər Eldarovun heykəltaraşlıq sərgisi, AMEA loqosunun eskizləri, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun nəşrləri ilə tanış olublar.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda nitqi dinlənilib. Elm Gününün ölkə başçısının 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis edildiyini diqqətə çatdıran akademik Azərbaycan elminin Orta əsrlərdən bu günədək tarixinə qısa nəzər salıb.

Ölkəmizdə elmin təşkilatlanmasından söz açan İsa Həbibbəyli bildirib ki, 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti, 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. Şöbə 1935-ci ildə isə SSRİ EA Azərbaycan Filialına çevrilib. 1945-ci il martın 27-də isə 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunub.

AMEA-nın ötən müddətdə zəngin inkişaf yolu keçdiyini deyən akademik bu xüsusda Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub. O cümlədən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi təşkil olunub, Yüksək Texnologiyalar Parkı yaradılıb, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binası tikilib, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazası yenilənib.

Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli fərmanını da diqqətə çatdıran İsa Həbibbəyli Elm və Təhsil Nazirliyinin AMEA ilə birgə ölkəmizdə elmi fəaliyyətin təşkili istiqamətində səylər göstərdiyini deyib.

Beynəlxalq əlaqələrə də toxunan AMEA rəhbəri 2023-2024-cü illərdə akademiyanın 3 beynəlxalq elmi təşkilata üzv olduğunu, xüsusilə türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib. O, dünya elminin çağırışlarına cavab verən elmi tədqiqatlara üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmağın vacibliyini qeyd edib.

Tədbir çərçivəsində həmçinin Xalq rəssamı, akademik, ömrünün 70 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr etmiş Ömər Eldarovun həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi və akademik Yusif Məmmədəliyev haqqında film nümayiş etdirilib.

Elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın fəxri fərmanları təqdim olunub.