Mədəniyyət və turizm naziri beynəlxalq sərgidə və Dünya Turizm Təşkilatının sammitində iştirak edib
Noyabrın 4-dən 7-dək Böyük Britaniyanın paytaxtı Londonda “Dünya Səyahət Bazarı-2013” (“World Travel Market-2013”) beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Beynəlxalq sərgi çərçivəsində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatına üzv ölkələrin nazirlər sammiti də keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Toplantıda əsasən dünya ölkələrində aviasiya və turizm siyasətləri arasında mövcud problemlər, həmçinin viza məsələləri müzakirə olunub. Nazir çıxışında Azərbaycanda qeyd olunan sahələrin inkişafından söz açaraq 2013-cü ildən etibarən dövlət tərəfindən turistlər üçün viza rejiminin sadələşdirildiyini qeyd edib.
Bildirilib ki, ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilib. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. Proqramın icrası ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcək.
Tədbir çərçivəsində Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə, eləcə də Xorvatiya, Litva, Özbəkistan, İraq və Makedoniyanın turizm sahəsinə rəhbərlik edən nazirləri ilə görüşüb, fikir mübadiləsi aparıb. Daha sonra mədəniyyət və turizm nazirinin Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Ali Komissiyasının rəhbəri Sultan bin Salman bin Abdulaziz əl-Saudla və Argentinanın turizm naziri Karlos Enrike Meyerlə təkbətək görüşləri olub. Söhbət zamanı gələcəkdə ölkəmizlə adıçəkilən ölkələr arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Əbülfəs Qarayev beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülən 105 kv.m sahədə quraşdırılmış Azərbaycanın stendi ilə tanış olub, ölkəmizin sərgidə iştirak edən turizm şirkətləri və mehmanxana nümayəndələrinə uğurlar diləyib.
Qeyd edək ki, sərgi günlərində ziyarətçilər Azərbaycan stendinə böyük maraq göstəriblər, qonaqlara ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında məlumat verilib, bukletlər, reklam-çap məhsulları təqdim olunub.
Nazir Azərbaycanın və Böyük Britaniyanın kütləvi informasiya vasitələrinə müsahibələr verib, eləcə də 2015-ci ilin yayında Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Oyunları ilə bağlı görüşlər keçirib.
Əbülfəs Qarayev “WTM-2013” beynəlxalq turizm sərgisində Azərbaycan guşəsinin qonşuluğunda yer alan Türkiyənin stendini də ziyarət edib, qardaş ölkənin turizm sənayesinin nümayəndələrinə sərginin işi ilə bağlı xoş arzularını çatdırıb.
Qeyd etmək lazımdır ki, London sərgisində Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən «Geo Travel», «SW Travel», «ENC Tours», «The Tour», «Turizm.az», «Victory Tour», «Spektr Travel», «AL Travel», «İmprotex Travel», «ATA Travel», «Xəzər Travel» şirkətləri, eləcə də «Four Seasons Hotel Baku», «Jumeirah Bilgah Beach hotel» və «Gallery hotel» təmsil olunur. Stenddə «Azərbaycan Hava Yolları» aviaşirkəti üçün xüsusi yer ayrılıb.
Ölkəmiz 2002-ci ildən başlayaraq artıq 11-ci dəfədir ki, «WTM» beynəlxalq turizm sərgisində iştirak edir.