II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin «Mədəniyyətdə tarixilik və müasirlik» kitabının təqdimat mərasimi keçirildi.
   
   Tədbiri filologiya elmləri doktoru Aqşin Babayev açaraq, kitabın əhatə etdiyi mövzulardan danışdı. Qeyd olundu ki, kitabda millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan muğamının hamisi Mehriban Əliyevanın muğam layihəsi çərçivəsində gördüyü işlərdən, mədəniyyətimizin keçdiyi tarixi yolda cərəyan edən proseslərdən söz açılır.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli kitabın Azərbaycanın mədəniyyət tarixi ilə bağlı qiymətli mənbə olduğunu bildirdi: “Mədəniyyətdə tarixilik və müasirlik” əslində Azərbaycan kitab sənətində yeni layihə, elm baxımından qiymətli mənbədir. Bilirəm ki, bu nəşr böyük zəhmət hesabına başa gəlib. Kitabda Azərbaycan mədəniyyətinin haradan başladığı, yaranma prosesi və necə şaxələndiyi araşdırılıb. Mədəniyyətdə elə bir sahə yoxdur ki, kitabda o barədə söz açılmasın. Kitab xarici dillərə tərcümə olunmalıdır».
   Teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə isə bildirdi ki, kitab Azərbaycana gələn qonaqlar və Azərbaycan mədəniyyətini öyrənmək istəyənlər üçün ensiklopedik bir nəşrdir.
   Daha sonra çıxış edən filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə müəllifin Azərbaycan mədəniyyətinin tədqiq olunmasına böyük töhfə verdiyini bildirdi: “Mədəniyyətdən yazmaq isə müqəddəs işlə məşğul olmaq deməkdi. Mədəniyyət millətin sinir sistemidir. Ona elə toxunmalısan ki, qıcıq yaratmasın. Mədəniyyətdən yazmaq üçün böyük və həssas qəlbə malik olmalısan”.
   Filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev kitabda kulturologiyanın yeni elm kimi tədqiq olunduğunu bildirdi. Onun sözlərinə görə, kitabda Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin mühüm tərkib hissəsi kimi təqdim olunur.
   
   Gülər