İsveçin SVT telekanalının efirində prodüser Natali Reqner və rejissor Daniel Ottossonun “Nobel qardaşları” adlı üçhissəli sənədli dramı nümayiş etdirilib.
İsveçin “Storyfire” prodüser şirkəti və Bakı Media Mərkəzinin birgə lentə aldığı ekran əsəri Benqt Yanqfeldtin “İmmanuel Nobel və oğulları – çar Rusiyasında İsveç dahisi” kitabının motivləri, habelə minlərlə məktub, arxiv materialı, fotoşəkil, ekspertlərlə və hazırda həyatda olan Nobel nəslinin nümayəndələri ilə müsahibələr əsasında ərsəyə gətirilib. Film mühəndis, ixtiraçı, sənayeçi sülaləsinin banisi və İmmanuel ailəsinin başçısından tutmuş neft sənayeçisi və mühəndisi olan nəvəsi Emmanuelə qədər – Nobellərin üç nəslinin hekayəsindən bəhs edir.
Ekran əsəri dünyada məşhur ixtiraları sayəsində bəşər tarixində böyük iz qoyan Alfred, Robert və Lüdviq adlı üç qardaş haqqında tamaşaçılara geniş məlumat verir, onların eniş-yoxuşlu həyat yollarına, qardaşlar arasındakı münasibətlərə işıq salır.
Ekran əsərinin rejissoru deyir: “Alfredin kim olduğunu hər kəs bilir, amma çox az adama məlumdur ki, söhbət beynəlxalq sənaye imperiyası yaradan dörd qardaşdan gedir”.
Çəkilişlər Karlskuqada – Alfred Nobelin İsveçdəki son evi olan Byörkborn malikanəsində başlayıb. Bu, həm də onun laboratoriyasının yerləşdiyi məkandır. Alfred burada bir çox ixtiralarını inkişaf etdirib. Məlumdur ki, tüfəng qundağı üçün ağac axtarışında olan Robert Nobel 1873-cü ildə Bakıya gəlir. O, burada neft kəşf edir və qardaşlarını “qara qızıl” sənayesinə sərmayə qoymağa inandırır. Nəticədə, “BraNobel” neft şirkəti təsis edilir. Nobellərin bacarıqları sayəsində Rusiya imperiyasında buxar nasosu olan ilk neft kəməri Bakıda işə salınıb, həmçinin dünyada ilk neft tankeri “Zərdüşt” istifadəyə verilib”.
Bakıda çəkilişlər Qobustan qoruğunda və Nobel qardaşlarının “Villa Petrolea” adlanan binadakı ev-muzeyində aparılıb.
Qeyd edək ki, filmin dünya premyerası ötən il Bakıda Nobel qardaşları irsinin 150 illiyi münasibətilə “Villa Petrolea”da keçirilib.