Azərbaycan
1 aprel 1905 – Əməkdar incəsənət xadimi, kinooperator Əsgər Cəfər oğlu İsmayılov (1905 – 13.11.1983) Tiflisdə doğulub. “Azərbaycanfilm” kinostudiyasında bədii (“Qara daşlar”, “Kölgələr sürünür”) və sənədli filmlərin operatoru olub.
1 aprel 1916 – Şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 – 7.5.1968) anadan olub. Şeirlərinə mahnılar bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri işləyib.
1 aprel 1921 – Əməkdar mədəniyyət işçisi Əminə Cəfər qızı Cəfərova (1921–2005) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında səs texniki işləyib.
1 aprel 1924 – Xalq artisti, müğənni Abdulla Murtuz oğlu Babayev (1924 – 10.3.2015) Naxçıvan MR Babək rayonunun Tumbul kəndində anadan olub.
1 aprel 1929 – Məşhur xanəndə Ələsgər Baba oğlu Abdullayev (Şəkili Ələsgər; 1866–1929) vəfat edib.
1 aprel 1941 – Əməkdar memar Əminə Zaur qızı Vəkilova (1941–2021) anadan olub.
1 aprel 1949 – Dilçi alim, Əməkdar elm xadimi Nizami Manaf oğlu Xudiyev (1949 – 25.5.2021) Naxçıvan MR Şahbuz rayonunda anadan olub.
1 aprel 1950 – Tanınmış tərcüməçi, filoloq Vilayət Tapdıq oğlu Hacıyev (1950 – 4.4.2023) Qazax rayonunun Sofulu kəndində doğulub. Alman dilindən Azərbaycan dilinə və əksinə bir çox əsərləri tərcümə edib.
1 aprel 1954 – Əməkdar incəsənət xadimi, opera müğənnisi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 – 1954) vəfat edib.
1 aprel 1980 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 6.1.1907 – 1980) vəfat edib.
1 aprel 1981 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 – 1981) vəfat edib. Respublika Yazıçılar İttifaqının sədri (1938–1939), kinematoqrafiya naziri (1945–1948) olub.
1 aprel 2014 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 12.6.1928 – 2014) vəfat edib. “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
1 aprel 2022 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov (3.5.1940 – 2022) vəfat edib. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.
2 aprel 1870 – Şair, tərcüməçi Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 – 8.8.1956) Bakının Buzovna kəndində doğulub.
2 aprel 1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Məhsəti Gəncəvi”, “Xurşidbanu Natəvan”, “Aşıq Pəri”) və s. əsərlərin müəllifidir.
2 aprel 1932 – Ədəbiyyatşünas, yazıçı, tərcüməçi Xeyrulla Salman oğlu Əliyev (1932–2021) Cəlilabad rayonunun Göytəpə qəsəbəsində doğulub.
3 aprel 1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908–1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. İki dəfə Dövlət (Stalin) mükafatına layiq görülüb.
3 aprel 1922 – Tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922–1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.
4 aprel 1898 – Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898–1987) Lənkəranda anadan olub. 1930-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.
4 aprel 1913 – Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 – 4.1.1988) Salyanda doğulub. İrəvan Dövlət Azərbaycan Teatrında, Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə çəkilib və aparıcı rolları səsləndirib.
4 aprel 1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 – 22.7.2011) Göyçayda anadan olub.
4 aprel 1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub. “Azərbaycanfilm” kinostudiyasında 50-dən çox filmdə maraqlı obrazlar yaradıb.
5 aprel 1909 – Bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı (1909 – 27.10.1932) Şuşada doğulub. Musiqi tariximizdə yeni janrların yaradıcısı, uşaqlar üçün ilk musiqi əsərinin (“Uşaq süitası”) müəllifidir. Xalq mahnılarını nota köçürüb.
5 aprel 1929 – Xalq artisti, pianoçu Çingiz Hacı oğlu Sadıxov (1929 – 30.12.2017) Bakıda anadan olub. Filarmoniyanın solisti, “Azkonsert”in bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru olub. 1994-cü ildən ABŞ-də yaşayıb. Bakıda dəfn olunub.
5 aprel 1941 – Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Məmmədağa oğlu Rəcəbov (1941 – 15.12.2022) Bakıda anadan olub. “Göyçək Fatma”, “Xeyir və Şər” uşaq operaları, musiqili komediya və s. əsərlərin müəllifidir.
5 aprel 1947 – Xalq artisti, rejissor Vaqif Firudin oğlu Əsədov (1947 – 19.5.2022) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
5 aprel 2021 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (14.11.1944 – 2021) vəfat edib.
6 aprel 1935 – Əməkdar mədəniyyət işçisi, aşıq Şərbət Fətiyev (1935–2016) Şamaxıda doğulub.
6 aprel 1939 – Xalq artisti, kinorejissor, ssenarist, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) Bakıda anadan olub. Filmləri: “Gilas ağacı”, “Musiqi müəllimi”, “Əzablı yollar”, “Vulkana doğru” və s.
6 aprel 2021 – Əməkdar incəsənət xadimi, tarzən Oqtay Süleyman oğlu Quliyev (22.9.1938 – 2021) vəfat edib.
6 aprel 2021 – Əməkdar mədəniyyət işçisi, teatr xadimi Həsən Nəsib oğlu Həsənov (7.7.1950 – 2021) vəfat edib.
7 aprel 1930 – Tanınmış jurnalist, mədəniyyət xadimi Azad Ağakərim oğlu Şərifov (1930 – 24.12.2009) anadan olub. Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform”un (indiki AZƏRTAC) direktoru işləyib.
Dünya
1 aprel 1809 – Rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqol (Yanovski; 1809 – 4.3.1852) anadan olub.
1 aprel 1873 – Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873–1943) anadan olub.
2 aprel 1805 – Danimarkalı yazıçı, dünyaşöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805–1875) anadan olub. Yazıçının xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunur.
2 aprel 1840 – Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 – 29.9.1902) anadan olub.
3 aprel 1918 – Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918–1995) anadan olub.
3 aprel 1924 – Amerika aktyoru Marlon Brando (1924–2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar”, 1954), “Xaç atası” (“Oskar”, 1972) və s.
4 aprel 1818 – İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı”) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818–1883) anadan olub.
4 aprel 1932 – Rus kinorejissoru və ssenaristi Andrey Tarkovski (1932–1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. filmlərin müəllifidir.
5 aprel 1900 – Amerika aktyoru, “Oskar” mükafatçısı Spenser Treysi (Spencer Tracy; 1900–1967) anadan olub.
5 aprel 1945 – Türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 – 8.2.2004) anadan olub.
6 aprel 1826 – Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau; 1826–1898) anadan olub.
7 aprel 1883 – İtaliya rəssamı və heykəltaraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883–1966) anadan olub.
7 aprel 1889 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral – əsl adı Lucila Godoy Alcayaga; 1889–1957) anadan olub.
Hazırladı: V.Orxan