Böyük İpək Yolu üzərində yerləşən Hacıqabul rayonu müxtəlif vaxtlarda fərqli şəkildə adlandırılmışdır. Sasanilər dövründə bu strateji məntəqə Güştasib, Hülakilər dövründə isə Mahbudabad kimi tanınmışdır.

Rayon ərazisi tarixi-mədəni abidələrlə zəngindir. Buradakı tarix yadigarlarından ən məşhuru isə Bakıdan 127 km məsafədə yerləşən Pir Hüseyn Xanəgahıdır. Xanəgah XI–XIV əsrlərdə Şirvanşahlar tərəfindən tikilmişdir. Şirvan memarlıq üslubunda inşa olunmuş xanəgah öz görünüşü ilə Elxani hökmdarlarının da diqqətini cəlb etmişdir.

Pir Hüseyn Şirvani 954-cü ildə anadan olmuş, 1072-ci ildə vəfat etmişdir. O, dövrünün görkəmli alimi, İslam nəzəriyyəçisi və sufilikdə “Qələndəriyyə” adlı təriqətin başçısı, bu təriqətdə üçüncü dərəcəyə çatmış “Əl-Salik” titulu ilə şöhrət tapmışdır. Hind tarixçisi Vəssaf onu yüksək dəyərləndirərək “Dünyanın piri” adlandırmışdır.

Bu görkəmli alim-mütəfəkkirin adını daşıyan abidə kompleksi tarixin müxtəlif mərhələlərində dağıntılara məruz qalmışdır. Tarixçi Vəssafın yazdığına nəzər salsaq, görərik ki, xanəgaha vurulan ziyanlar ta qədim zamanlardan başlamışdır: “Qızıl Orda xanı Sultan Məhəmməd Özbək Pir Hüseyn Xanəgahına ziyarətə gəlmiş, qoşunlarının talan etdiyi əmlakı geri qaytarmış, hətta kişi və qadınları qul olmaqdan azad etmişdir”.

1858–1861-ci illərdə Sankt-Peterburq akademiyasının üzvləri Bartolomey, Xanikov və Dorn Qafqazda və Xəzər sahili ölkələrdə hərbi xidmətə təyin olunmuşdular. Onlar yerli xalqların adət-ənənələrini, etnoqrafiyasını, tarixi abidələrini öyrənirdilər. Peterburqun Ermitaj Muzeyində numizmatika ilə məşğul olan Bartolomey xanəgahı xaraba halında görməsinə baxmayaraq, Pir Hüseyn türbəsinin və məscidinin kaşı parçaları onu heyrətə salmış və o, kompleksin Peterburqa köçürülməsini təklif etmişdir. Sonradan kompleksin Tiflisə köçürülməsinə dair qərara gəlsələr də, xoşbəxtlikdən bu iş yerinə yetirilməmişdir. Xanəgahın kaşı parçalarının Avropa muzeylərinə satılması XIX əsrin ortalarında da davam etmişdir...

***

Tarixən Azərbaycanın çoxəsrlik mədəni mirasına qarşı qənim kəsilən bədnam ermənilər də zaman-zaman bu abidəni məhv etməyə çalışmışlar. Tiflis Qafqazşünaslıq İnstitutunun elmi katibi S.V.Ter-Avetisyan 1907-ci ildə xanəgahda işə başlamışdır. O burada işlədiyi vaxt kompleksdə olan kaşı parçalarının fotoşəkillərini çəkmişdir. Rus şərqşünası V.Kraçkovskaya Ter-Avetisyanın ona təqdim etdiyi materiallar əsasında kaşı parçaların kitabələrini oxumuşdur. Kraçkovskayanın yazdığına görə, Ter-Avetisyanın xanəgahda işə başlamasından sonra abidədəki kaşı parçaları yoxa çıxmışdır. Sonralar bu nümunələrin sorağı xarici muzeylərdən gəlməyə başlamışdır.

Xanəgahın kaşı parçaları daha çox Parisə daşınıb aparılmışdır. Kaşılar, əsasən, M.Kələkyan və M.Duffentyum tərəfindən talan edilmişdir.

Rus tarixçisi V.Sisoyev 1925-ci ildə nəşr etdirdiyi məqaləsində yazırdı ki, Pir Hüseyn türbəsində olan kaşıların böyük hissəsi 1918-ci ildə abidəni zəbt etmiş erməni hərbi dəstələri tərəfindən sındırılıb dağıdılmışdır.

Yeri gəlmişkən deyək ki, erməni vandalları 1918-ci ilin 30-31 mart tarixlərində və aprelin ilk günlərində Bakıda və Azərbaycanın digər ərazilərində xalqımıza qarşı soyqırımı cinayətləri törətmişlər. 1918-ci ildə S.Lalayanın başçılıq etdiyi erməni quldur dəstələri Hacıqabul, Navahı, Neftçala və s. rayonlarda böyük qətllər həyata keçirmişlər. Soyqırımı nəticəsində Navahı kəndində min nəfərə yaxın sakin qətlə yetirilmişdir. Onlardan 260-ı qadın, 140-ı uşaq idi. Qubalıbaloğlan kəndindən 250 kişi, 150 qadın, 135 uşaq, Padar və Abdulabad kəndlərindən 80, Meynimandan 43, Rəncbərdən 137, Paşalıdan 50 və Şorbaçıdan 40 nəfər xüsusi amansızlıqla öldürülmüşdür.

Osmanlı ordusunun generalı Nuru paşanın rəhbərliyi ilə ölkəmizə köməyə gələn Qafqaz İslam Ordusu düşmənin cavabını layiqli şəkildə vermiş, torpaqlarımız erməni quldur dəstələrindən azad edilmişdir. Bu qardaşlığın, birlik və həmrəyliyin nişanəsi olan Qubalıbaloğlan kəndindəki Azərbaycan-türk məzarlığı bu gün də and yerimizdir. Buradakı 12 məzardan 6-sı Azərbaycan şəhidlərinə, digərləri qardaş ölkədən gəlmiş şəhidlərə məxsusdur.

Erməni quldurları xalqımıza qarşı törətdikləri qətliamlarla kifayətlənməyərək tarix-mədəniyyət abidələrini də misli görünməmiş vandalizmə məruz qoymuşlar. Həmin dövrdə Pir Hüseyn kompleksi də xarabalığa çevrilmişdir.

***

Xanəgaha qarşı məkrli planlar sonrakı dövrlərdə də davam etmişdir. Bu dəfə ermənilər abidəni yer üzündən tamamilə silmək qərarına gəlmişlər. Xanəgahın arxa hissəsində olan Pirsaat su anbarı 1957-ci ildə SSRİ Meliorasiya Nazirliyi tərəfindən erməni Akopyanın layihəsi əsasında tikilmişdir. Əslində, sözügedən su anbarı 2 km aralıda tikilməli idi. Akopyanın su anbarını xanəgahın arxa hissəsində, daha yaxın ərazidə tikməsinin səbəbi ondan ibarət idi ki, müntəzəm olaraq bənddən sızan su tədricən abidəni məhv etsin. Təbii ki, su anbarının burada tikilməsinin başqa səbəbləri də vardı. Su anbarının tikildiyi ərazidə vaxtilə mumiyalanmış meyitlər, muncuqlar və digər tarixi nümunələr aşkar olunmuşdu. Təsadüfi deyil ki, sözügedən ərazidə daha çox qədim muncuqlar aşkar olunduğu üçün bu məkan “Muncuqluq” adlanırdı...

1959-cu ilin 6 aprel tarixində suyun çoxalması nəticəsində su anbarı yarılmış və sel suları xanəgahdan keçərək ətrafdakı Qubalıbaloğlan, Rəncbər və Navahı kəndlərini su altında qoymuşdur. Abidə təsadüfən fəlakətdən salamat qurtulmuşdur.

***

Əsrlərin yadigarı olan xanəgah kompleksi öz layiqli qiymətini ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra almışdır. Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə tikili ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınmış və 2004-cü ildə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu yaradılmışdır. Bu kompleks qədimliyi, memarlıq üslubu ilə dünya əhəmiyyətli abidələrdən heç də geri qalmır. Hər bir vətəndaşımızın borcudur ki, abidələrimizə qarşı həssas olsun, onların qorunub gələcək nəsillərə çatdırılmasına öz töhfəsini versin.

Məhərrəm Müslümov
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun direktoru