Növbəti ildən Almaniyanın Yade və Latviyanın bir universiteti ilə ikili diplom proqramı həyata keçiriləcək

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov Latviyanın paytaxtı Riqaya səfərdən qayıdıb. Səfər Avropa İttifaqının Tempus proqramı çərçivəsində baş tutub.

Səfər təəssüratını bölüşən prorektor bildirdi ki, institut üç Tempus proqramında iştirak edir. Təhsil ocağı ötən il iki proqramın qalibi olub. Qafqaz Universiteti ilə birlikdə həyata keçirilən proqram çərçivəsində ATİ-nin beynəlxalq şöbəsinin müdiri Şəhla Əhmədovanın rəhbərliyi ilə institutun 4 əməkdaşı bu günlərdə Polşada səfərdə olub: “10 nəfərlik bir qrupumuz da Almaniyanın Yade Univesiteti ilə hazırladığımız və onların idarə etdiyi layihə çərçivəsində əməkdaşlıq edir. Riqada bu layihənin işçi qrupunun növbəti iclası oldu. Tədbirə Cənubi Qafqazın digər iki respublikasından nümayəndə, Almaniyanın üç universiteti və Latviya universitetlərinin təmsilçiləri qatılmışdı. Layihənin məqsədi davamlı turizm üzrə magistr və bakalavr proqramlarının modul prinsipi əsasında tərtib olunmasından ibarətdir. Layihədə davamlı turizm üzrə 12 istiqamət göstərilir. Bu istiqamətlər üzrə biz artıq modulları hazırlamışıq. Görüşdə hazırladığımız tədris materiallarının müzakirəsi və fikir mübadiləsi aparıldı”.
Prorektor qeyd etdi ki, növbəti ilin may ayına qədər tələbələr üçün davamlı turizm, aqroturizm, ekoturizm, turizm bələdçisi ixtisasları üzrə dərs materialları hazır olacaq və rektorların iştirakı ilə mayda Almaniyada görüş keçiriləcək: “Onlar bu materialların keyfiyyətinə, məzmununa razılıq verəcəksə, materiallar ingilis, alman və Cənubi Qafqaz ölkələrinin dillərində kitab şəklində çap olunacaq. Bu materiallar əsasında hər ölkənin ali məktəbində dərs deyən müəllimələrə təlimlər keçiriləcək ki, onlar həmin mövzunu tələbələrə necə tədris etsinlər. Burada söhbət müəllimə müəllimliyi öyrətməkdən getmir. Sadəcə, müəllimlərlə həmin fənnin öyrədilməsinin spesifikliyi, hansı dərslərin birbaşa hotellərdə, istirahət mərkəzlərində, milli parklarda, muzeylərdə və s. keçirilməsi kimi tədrisin metodiki tərəfləri ilə bağlı işlər aparılacaq. Latviyadakı görüşümüz uğurlu oldu. Bununla bərabər, daha iki məsələni müzakirə etmək imkanımız oldu. Almaniyanın Akademik Əməkdaşlıq Təşkilatı bu ildən Almaniya universitetlərinin qeyri-alman universitetləri ilə ikili diplom proqramlarının maliyyələşdirilməsinə başlayır. Biz bu imkanlardan istifadə edib Almaniyanın Yade Universiteti, Turizm İnstitutu və Latviyanın bir universiteti ilə bir ixtisas üzrə ikili diplom proqramı məsələsini müzakirə etdik. Çox güman ki, burada turizm və hotelçilik ixtisası olmayacaq. Çünki bu ixtisas üzrə bizim ikili diplom proqramımız var. Bu ixtisaslar maliyyə, menecment, marketinq və yaxud da muzeyşünaslıq olacaq. Buna ATİ-nin Elmi Şurası qərar verəcək”.
Eldar Aslanovun sözlərinə görə, ikinci məsələ Latviyanın Rezeknes Univesiteti ilə qarşılıqlı əməkdaşlıq barədə razılıqdır: “Artıq bir-birimizin müqavilə nümunələrimizlə tanış oluruq. Avropa İttifaqının təhsil proqramlarından Erasmus, Tempus, Jan Mane proqramları bir proqramda ümumiləşdirilir. Yeni proqramın adı Erasmus+ olacaq. Bu proqramda ali məktəblərə yeni imkanlar vəd edilir. Burada əsas üstünlük ali məktəblər arasında olan əməkdaşlıq müqavilələrinin işlədilməsinə veriləcək. Turizm İnstitutunun 35-dən çox ali məktəblə müqaviləsi var. Amma biz bu müqavilədə yazılan bəndlərin icra edilməsi üçün maliyyə resurslarına malik deyilik. Məsələn, tələbə və işçi mübadiləsi kimi. Erasmus+ proqramı isə bizə bu imkanı verir. Ona görə də bu tip ikili müqavilə əməkdaşlıqlarını gücləndirməyi və sürətləndirməyi nəzərdə tuturuq. Həmçinin Yade Univesiteti ilə bir razılığımız da oldu ki, bu ildən etibarən tələbələrimiz Almaniyada da təcrübə keçəcəklər”.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar