Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə-gənclər təşkilatının təşəbbüsü ilə akvarelçi-rəssam Pərviz Əliyevin “Memarlıq fotoqrafiyası” adlı seminarı keçirilib.

Seminarda rəssam memarlıq fotoqrafiyasının tarixindən və müasir fotoqrafiyadan söhbət açıb. O, eyni zamanda tarix boyu fotoqrafiyada istifadə olunan effektləri nəzərə çatdırıb. Peşəkar mütəxəssis foto çəkilişi zamanı yol verilən səhvlər və onların aradan qaldırılması barədə də bəhs edib.

Diqqətə çatdırıb ki, memarlıq fotoqrafiyası xüsusi janrdır; buraya binaların, tikililərin, körpülərin, heykəllərin və memarlıq ansambllarının xarici görünüşünün gözəl şəkillərinin əldə olunması məsələləri daxildir. Memarlıq fotoqrafiyasının keyfiyyətli şəkilləri sənədli hesabatların və reklam kitabçalarının yaradılması üçün tez-tez istifadə edilir. Memarlıq tikililərinin və binaların gözəlliyini əks etdirmək üçün fotoqraflar rakurs, işıqlandırma və çəkiliş üçün düzgün yerin seçilməsi ilə işləməli olurlar. Ona görə də memarlıq fotoçəkilişi ciddi hazırlıq və təcrübə tələb edir.

Maraqla qarşılanan seminarda tələbələrin suallarına cavab verilib.