2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin uğurlu müqəddiməsi olan 2016-cı ilin Aprel döyüşlərindən 8 il ötür. Bu münasibətlə bölgələrdə tədbirlər təşkil olunub.
Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon MKS və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri bizim şanlı hərbi Qələbəmizdir!” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman hərbçilərimiz düşmənə ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.
***
Astara rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri – şanlı Qələbəmiz!” mövzusunda tədbir təşkil olunub. Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından şəhid gizir Pəncəli Teymurovun həyatı və döyüş yolu barədə məlumat verilib. Daha sonra P.Teymurov haqqında film nümayiş olunub. Sonda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon İcra Hakimiyyəti və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Muzeydə təşkil olunan tədbirdə bildirilib ki, Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirib.
Bədii hissədə kollec tələbələrinin ifasında kompozisiya təqdim olunub.
Sonda Aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhidlərə həsr edilmiş sərgiyə baxış olub.
***
Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində (Mahrızlı kəndi) “Unudulmaz qəhrəmanlar” adlı tədbir keçirilib.
Tədbir zamanı muzeyin rəhbərliyi tərəfindən qonaqlara Rahib Məmmədovun (1967–1987) həyatı və göstərdiyi qəhrəmanlıq haqqında məlumat verilib. Bildirilib ki, o, hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunda təbii fəlakət zamanı 28 sakini seldən xilas edərək həlak olub. Qeyd edilib ki, Aprel döyüşləri zamanı müzəffər Ordumuz düşmən qüvvələrinə sarsıdıcı zərbə vurub. Sonra qonaqlar muzeyin eksponatları ilə tanış olublar.
***
Salyan Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinin şəhid baş leytenantı Rəşid Mehdiyevin anım gününə həsr olunan tədbir təşkil edilib. Çıxış edənlər Aprel döyüşlərindən, Rəşid Mehdiyevin qısa həyatı və şücaətlərindən danışıblar.
Şəhidin atası Rövşən Mehdiyev oğlu ilə bağlı xatirələrini dilə gətirib.
Sonda şəhidin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib.
Şirvan şəhər Mərkəzi Kitabxanasında “Aprel döyüşləri – Qələbəyə aparan yol” adlı xatirə gecəsi keçirilib. Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Aprel döyüşlərinin tarixi missiyasından söhbət açılıb.
N.Məmmədli