Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir

 

Qədim əsatirlərə görə, amazonlar dünyanın ucqar nöqtələrində yaşayan cəsur qadın döyüşçülər olub. Arxeoloqlar onların həqiqətən mövcud olduğuna dair getdikcə daha çox sübut aşkar edir.

Britaniyanın “Observer” qəzeti xəbər verir ki, aprelin 6-da yayımlanacaq “Bettany Hughes’ World Treasures” (“Bettany Hughes-in dünya xəzinələri”) adlı yeni serialda bu barədə bəhs edilir.

Bildirilir ki, Azərbaycanın Naxçıvan bölgəsində Tunc dövrü nekropolunda aparılan qazıntılar zamanı qadınların ülgüc kimi iti ox ucluqları, tunc xəncər və gürz kimi silahlarla, zinət əşyaları ilə dəfn edildiyi məlum olub. Arxeoloqlar belə qənaətə gəliblər ki, bunlar 4 min il əvvəl yaşamış amazon qadınları ola bilər.

Tarixçi Bettani Hyuz nəşrə bildirib ki, bu, qədim Yunanıstanın mif və əfsanələrinin arxasında həqiqətin olduğunu göstərir. O qeyd edib ki, bəzi skeletlər qadınların yay və oxlardan geniş istifadə etdiyini göstərir: “Oxlardan çox istifadə etdikləri üçün onların barmaqları əyri olur. Lakin barmaq oynaqlarında dəyişikliklər təkcə ov nəticəsində baş verməyib. Sümüklərin çoxu yəhərdə uzun müddət qaldığını da açıq şəkildə göstərir. Skeletlərdə çanaq sümüyü də bu həyat tərzinə görə formalaşıb”.

Serialın “İpək Yolu və Qafqaz” hissəsi əsrlər boyu müxtəlif mədəniyyətlər və sivilizasiyalara şahidlik etmiş, Asiya və Avropanın ticarət yolları ilə bağlandığı regiona yönəlib.

Tarixçi Böyük Qafqazın, Avropanın ən hündür yaşayış məntəqəsi olan Xınalıq kəndinə də (Quba rayonu) səfər edib. O deyir: “Kənd o qədər uzaqdır ki, zamanda itmiş hiss olunur. Yerli dil başqa heç bir yerdə danışılmır. Tunc dövründən bəri bura yaşayış məskəni olub. Kəndin 2 minə yaxın əhalisi var. Bəziləri deyir ki, onların qadınları qədim zamanlarda yaylıqlı kişi qiyafəsində olub. Yerli sakinlər deyir ki, bütün nənələri döyüşüb. Kişilər maldarlıqla məşğul olub. Qadınlar döyüşərkən həmişə üzlərini örtüblər ki, insanlar onların qadın olduqlarını bilməsinlər”.