Mütəxəssislər sahibkarları bu istiqamətdə təşviq etməyin vacibliyini bildirirlər

Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycanda ilk dəfə Avropa Olimpiya Oyunları keçiriləcək. Bu beynəlxalq səviyyəli tədbirlə bağlı görüləcək işlər sırasında turizm infrastrukturunun inkişafı da diqqət mərkəzindədir. Bu baxımdan önəmli məsələlərdən biri paytaxtda üç ulduzlu hotellərin inşasıdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məsələ ilə bağlı dəfələrlə mətbuata açıqlamasında bildirib ki, ölkədə, o cümlədən Bakıda üç ulduzlu hotellərin tikintisi stimullaşdırılır, dövlət də bu işdə maraqlıdır. Çünki bu hotellərdə qiymətlər turistlər üçün daha münasibdir.

Ulduz kateqoriyalı 62 mehmanxana var

Son bir il ərzində ölkəmizdə fəaliyyət göstərən üç ulduzlu hotellərin sayı artıb. Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız rəqəmlər də təsdiqləyir. Xarici turizm sektorunun məsləhətçisi Cavid Abdullayevin bildirdiyinə görə, hazırda ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli 516 obyektin 252-si lisenziyalıdır. Bu hotellərin 104-ü Bakıdadır. Respublika ərazisində ulduz kateqoriyası olan 62 hotel fəaliyyət göstərir. O cümlədən beş ulduzlu 22 (17-si Bakıda), dörd ulduzlu 31 (17-si Bakıda), üç ulduzlu 7 (4-ü Bakıda) və iki ulduzlu 2 hotel var. Bakıdakı hotellərdə yataq yerlərinin sayı 15 minə qədərdir. Bunun altı minə yaxını 4-5 ulduzlu, qalan yerlər isə az ulduzlu hotellərin payına düşür.

Aşağı ulduzlu hotellər daha rentabelli fəaliyyət göstərir

Ölkə ərazisində, xüsusilə də paytaxt Bakıda böyük və yaraşıqlı hotellərin olması, əlbəttə, yaxşı haldır. Gözəl dizayna malik, hər biri bir memarlıq əsəri olan bu hotellər şəhərimizə əlavə gözəllik verir. Amma nəzərə almalıyıq ki, ölkəyə gələn turistlərin heç də hamısı zəngin, imkanlı şəxslər olmur. Onların əksəriyyətinin məqsədi gəzmək və görməkdir. Bu insanlar normal şəraiti və xidmət imkanlarına malik, münasib qiymətə təklif olunan hotel nömrələrinə daha çox maraq göstərirlər. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması zamanı biz bunun bir daha şahidi olduq.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində aşağı kateqoriyalı - 1, 2 və 3 ulduzlu hotellər kifayət qədərdir. Çünki aşağı ulduz kateqoriyalı hotel dedikdə, heç də xidmət səviyyəsi və şəraitin aşağı olması nəzərdə tutulmur. Söhbət sadəcə bu tip hotellərdə qonaqlara təklif olunan xidmətlərin daha məhdud sayda olmasından gedir.
Turizmdən böyük gəlir götürən ölkələrdə 1 və 2 ulduzlu hotellər sayına görə heç də 3, 4 və 5 ulduzlulardan geri qalmır. Bu hotelləri tikərkən onun yaxınlığında avtobus marşrutlarının keçməsinə, teatr, konsert binalarının, metro stansiyalarının, mağaza, kafe və restoranların olmasına böyük əhəmiyyət verilir. Bir faktı qeyd edək ki, Britaniyanın paytaxtı Londonda 34 bir ulduzlu, 200-dək iki ulduzlu mehmanxana fəaliyyət göstərir. Bu hotellər əsasən şəhərin mərkəzində yerləşir. Hollandiyanın paytaxtı Amsterdamda isə 1 ulduzlu hotellərin sayı 50-dir.
Lakin Azərbaycanda sahibkarlar aşağı ulduz kateqoriyalı hotelləri tikməkdə maraqlı deyil. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, bu hotellər daha rentabellidir.

AZTA-nın sahibkarlara tövsiyəsi

Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, qurum bir neçə il bundan əvvəl Azərbaycanda, xüsusən Bakı şəhərində 2 və 3 ulduzlu hotellərin inşasına tələbat olduğu barədə proqnozlarını verib və əməkdaşlıq etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyasında toplantılarda bu barədə məsələ qaldırıb: “Azərbaycana təşrif buyuran qonaqlar, xüsusən İran, MDB ölkələrindən gələn turist qrupları, idmançılar üçün bu tip hotellərin inşası günün tələbidir. “Ekonom” tipli hotellər Azərbaycana daha çox turist cəlb edə bilər və respublikamıza gələn turistlərin və qonaqların sayını ikiqat artıra bilər. Təbii ki, 2, 3 ulduzlu hotellərin inşasını həvəsləndirmək və stimullaşdırmaq üçün ilk mərhələdə dövlət qurumları tərəfindən bir sıra güzəştlər olunmalıdır. Bu, gələcəkdə hotellərin səmərəli fəaliyyətinə stimul yaradacaq. Artıq qonaqlar şəxsi evlərdə deyil, ucuz qiymətə hotellərdə qala bilərlər. Bu, vergi yığımında da mühüm rol oynaya bilər”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar