Beynəlxalq festivallardan elmi məqalələr toplu şəklində nəşr olunub

 

Aprelin 3-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivallarından elmi məqalələr” adlı toplunun təqdimatı oldu.

ABİ-nin sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə tədbiri açaraq layihə rəhbəri olduğu Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivallarının əhəmiyyətindən danışdı. O, 2010-cu ildə əsası qoyulan bu festivallarda ittifaqın fəal iştirak etdiyini dedi.

Diqqətə çatdırdı ki, festival çərçivəsində ABİ-də elmi konfransların keçirilməsi də ənənəyə çevrilib. Həmin konfranslarda çıxış edən musiqişünaslar Üzeyir bəy yaradıcılığının daha dərin qatlarına enərək maraqlı elmi faktlar və qənaətlərini bölüşüblər. Adıçəkilən elmi konfranslarda Üzeyir bəyin yaxın silahdaşı, görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığından da bəhs olunub. Yeni nəşr məhz bu illər ərzində festival çərçivəsində təşkil olunan elmi konfranslarda iştirak edən müəlliflərin çıxışları əsasında hazırlanıb. 

Firəngiz Əlizadə kitabı həm də Bəstəkarlar İttifaqının 90 illik yubileyinə töhfə kimi səciyyələndirdi. Dedi ki, yubiley ili çərçivəsində bir sıra tədbirlər keçiriləcək, nəşr layihələri olacaq.

ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə elmlər doktoru Kamilə Dadaşzadə, nəşrin redaktorları – sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Günay Məmmədova və Aytən Babayeva çıxış edərək kitabın Üzeyir bəy irsinə dəyərli bir töhfə olduğunu vurğuladılar.

Çıxışlardan sonra musiqi proqramı təqdim edildi. Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev və eləcə də Günel Rəhimova, Gülnaz Eldarlının ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin, “Koroğlu” operasından Koroğlu və Nigarın ariyaları səsləndirildi.

S.Fərəcov