Aprelin 7-də Azərbaycanın ilk illüstrasiyalı satirik nəşri – “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 118-ci ildönümü tamam olur.
Görkəmli yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə ilə tanınmış maarif və mətbuat fədaisi Ömər Faiq Nemanzadənin birgə əsasını qoyduqları jurnal 1906–1918-ci illərdə Tiflisdə (340 say), 1921-ci ildə Təbrizdə (8), 1922–1931-ci illərdə Bakıda (400) nəşr olunub.
Milli mətbuat, ədəbiyyat və ictimai fikir tariximizdə mühüm rol oynayan jurnal fəaliyyət göstərdiyi 25 ildə Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplayıb, satirik realist ədəbiyyatın yaranmasına və inkişafına böyük təkan verib.
Fəaliyyəti azərbaycançılıq məfkurəsi əsasında qurulan dərgidə Mirzə Cəlil, Ö.F.Nemanzadə ilə yanaşı, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, M.S.Ordubadi, Ə.R.Şamçızadə, Ə.Məhzun və başqa yazıçılar, şairlər, O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, H.Əliyev, Q.Xalıqov, İ.Axundov və digər rəssamlar çıxış ediblər.
Mirzə Cəlilin məsləkdaşı Ö.F.Nemanzadə jurnalı, ümumiyyətlə, mollanəsrəddinçiliyi belə səciyyələndirib: “Molla Nəsrəddin”in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsurlarımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan cahilanə adətlərimizə acı-acı gülüb millətin səadətinə çalışmaqdır”.