Salyan Dövlət Kukla Teatrında özbək dramaturqu Abbas Xurramovun “Xoruz niyə uçmur?” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının məşqləri yekunlaşmaq üzrədir.
Səhnə əsərində dərs əlaçısı olan xoruzun pişiyin şirin dilinə aldanıb həmin gün dərsə getməməsindən, müəllimin dərsdə qanadlılar sinfinə uçmağı öyrətməsindən və xoruzun dərsə getmədiyi üçün uçmağı öyrənə bilməməyindən söhbət açılır.
Tamaşanın məqsədi uşaqların məktəbə, dərsə həvəslərini artırmaq, yalan danışmamağı və çalışqan olmağı öyrətməkdir.
Qeyd edək ki, tamaşa Salyan Dövlət Kukla Teatrı ilə Özbəkistanın Sırxandərya vilayətinin Kuğurcaq Dövlət Teatrı arasında imzalanan memoranduma əsasən hazırlanır. Səhnə işinə həmin teatrın baş rejissoru Bunyad İmomov quruluş verir.
Birhissəli uşaq tamaşasının quruluşçu rəssamları Ceyhun Rüstəmbəyli və Gülay Abbasovadır. Səhnə əsərində personajları Mədinə Ramazanova, Röyal Qurbanov, Nahid Rüstəmbəyli, Maytab Gözəlova, Nərmin Hüseynli, Gülcənnət Zamanova, Nurlan Məlikov, Böyükağa Mehdizadə canlandırırlar.