Aprelin 9-da Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, rejissor, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Nemətovun vəfatının (1947–2023) bir ili tamam oldu. Bu münasibətlə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət edilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi və truppa üzvləri, mədəniyyət və incəsənət xadimləri, Azər Paşa Nemətovun ailə üzvləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək görkəmli sənətkarın teatr sənətimizdə xidmətlərindən və gənclərə göstərdiyi diqqətdən danışıb.
Xalq artisti Hacı İsmayılov Azər Paşa Nemətovun ömür və sənət yolundan bəhs edib, onun müxtəlif teatrlarda quruluşçu rejissor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, eləcə də Teatr Xadimləri İttifaqının sədri kimi fəaliyyətini yada salıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi mərhum sənətkarın yaddaşlardan silinməyəcək şəxsiyyət olduğunu deyib.
Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Azər Paşa Nemətovun Azərbaycan teatr tarixində rolundan, quruluş verdiyi tamaşaların əhəmiyyətindən danışıb.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli sənətkarın zəngin bioqrafiyasının olduğunu qeyd edərək, onun Azərbaycan rejissurasına verdiyi töhfələri qeyd edib.
Azər Paşa Nemətovun tələbəsi, hazırda İsveçdə fəaliyyət göstərən rejissor Əlif Cahangirli ustadının onun fəaliyyətində, sənət təcrübəsinin formalaşmasında müstəsna rol oynadığını bildirib.
Mərhumun ailə üzvləri ziyarət mərasiminə qatılanlara təşəkkür ediblər.