Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə Azərbaycan və özbək xalqının böyük oğlu, görkəmli yazıçı, şair, ədəbiyyatşünas tərcüməçi, pedaqoq Maqsud Şeyxzadəyə (1908–1967) həsr olunmuş “Azərbaycanlı böyük sima” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən AMM-in direktor müavini Nadir Əlmirzəyev yazıçının yaradıcılığının özbək mədəniyyətinin, incəsənətinin bütün sahələrinə təsirin danışıb. Bildirib ki, Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni, dostluq, qardaşlıq əlaqələrinin qurulmağında Maqsud Şeyxzadənin böyük rolu olub. Mədəniyyət Mərkəzi onun yaradıcılığını hər zaman diqqət mərkəzində saxlayıb. Hər il Maqsud Şeyxzadə ilə bağlı nəşrlər, filmlər, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verir, konfrans və seminarlar keçirir. AMM-in dəstəyi ilə Özbəkistan Dövlət Televiziyası dramaturqla bağlı bir neçə sənədli film də ərsəyə gətirib.
Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Dilşod Baratov, ədəbiyyat və humanitar məsələlər üzrə müşavir Şarmatulla Yusupov və Özbək dili kafedrasının rəhbəri Nafisa Rahmatullayeva Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonra AMM və Özbəkistanın Dövlət Televiziyasının “Mahalla” telekanalının hazırladığı, Maqsud Şeyxzadəyə həsr edilən “Əziz insan” sənədli filmi nümayiş olunub. Ekran əsərində azərbaycanlı və özbəkistanlı alimlərin, incəsənət və mədəniyyət xadimlərinin şairin yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.
Tədbirin sonunda universitetin tələbələri ədibin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəcik və rəqslərlə çıxış ediblər.