Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir.
Layihə çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, aktyor Valeh Kərimovun 80 illik yubileyi münasibətilə sənətkarla görüş keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra, aktyorun rol aldığı filmlərdən videoçarxlar təqdim olunub.
Sənətkar çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollardan bəhs edib.
Həmçinin görüşdə İsi Məlikzadənin “Gəl qohum olaq” tamaşasından səhnəcik təqdim edilib. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti Valeh Kərimovdur.
Sonda tamaşaçılarla səmimi ünsiyyət yaradan Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb.