Aprelin 8-də Beynəlxalq Muğam Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, olimpiya çempionları, idman federasiyalarının və televiziya kanallarının rəhbərləri, tanınmış idmançılar və ictimai xadimlər iştirak ediblər.

Çingiz Hüseynzadə çıxış edərək qonaqları salamlayıb, festivalın əhəmiyyətindən danışıb. O, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının ilk dəfə 2022-ci ildə keçirildiyini bildirib.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə həmçinin festivalın Təşkilat komitəsinin xüsusi mükafatları və “Cüdo Klub – 2012” İctimai Birliyinin xüsusi mükafatları təqdim olunub. MOK-un xüsusi mükafatlarına layiq görülən filmlər də diqqətdən kənarda qalmayıb. 

Festivalın nominasiya üzrə qaliblərinə pul mükafatları Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təqdim olunub. Mükafatlandırma mərasiminin keçirilməsinə Azərbaycan Respublikası Kino Agentliyi dəstək göstərib.

Tədbir musiqili proqramla davam edib.

Qeyd edək ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı müxtəlif idman və ekstremal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi daşıyır. Festival eyni zamanda Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi məqsədilə təşkil olunur.

 

Lalə